Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO Siyasət

Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Dəməşqətrafı əyalətinin Şərqi Quta bölgəsinin əl-Oteybə qəsəbəsinin Yerli Şurasının təşkilatçılığı və AR Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə, 5 və 7 mart tarixlərində Suriyada “Qardaş Azərbaycan və Suriya xalqları mərhəmət ayında birlikdə” şüarı altında iftar tədbirləri keçirilib.

Bu barədə Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2018-ci ildə adıçəkilən bölgənin Bəşər Əsəd rejimi tərəfindən kimyəvi hücumlara məruz qalması nəticəsində 600 mülki şəxs, o cümlədən qadın və uşaqlar həyatını itirmiş, minlərlə insan yaralanıb.

5 martda sözügedən qəsəbədə yerləşən və dağıntılar səbəbindən uzun illər ərzində fəaliyyət xaricində olan məktəbin həyətində 500 oruc tutan üçün iftar süfrələri təşkil edilib.

Yerli Şuranın rəhbərliyi və üzvləri, eləcə də qəsəbədən Xalq Məclisinin üzvü seçilən Nizar əş-Şəyibin iştirakı ilə tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Azərbaycanın Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verdiyini qeyd edib. Eyni zamanda Azərbaycan-Suriya əlaqələrinin ötən il ərzindəki inkişaf dinamikasına nəzər salınıb, Ramazan ayı ərəfəsində Azərbaycan dövlətinin 2030-cu ilədək Suriyada müasir beynəlxalq standartlara uyğun 10 məktəb inşa etdirmək və 100 məktəbi təmir etdirmək öhdəsini üzərinə götürdüyü, bununla da, dost ölkənin təhsil sahəsində bərpa prosesinə töhfə verdiyi vurğulanıb.

Öz növbəsində, Xalq Məclisinin üzvü Nizar əş-Şəyib kollektiv iftar süfrələrinə və ayrı gün isə paketlənmiş iftar dəstlərinin paylanılma təşəbbüsünə görə Azərbaycan dövlətinə təşəkkür edərək, bu humanitar aksiyaların yerli əhali tərəfindən xüsusi rəğbətlə qarşılandığını qeyd edib, həmçinin cinayətkar Əsədin silahlı qüvvələri tərəfindən kimyəvi hücuma məruz qalan Şərqi Quta bölgəsinin kütləvi iftar üçün seçilməsinin qardaş Azərbaycan xalqının həmrəyliyinin təzahürü olduğunu vurğulayıb. Bundan əlavə, təhsil sahəsində ölkəmizin məlum dəstəyi üçün dərin minnətdarlıq ifadə edilib.

7 mart tarixində Azərbaycan və Suriya bayraqları, elədə AİDA-nın loqosu və “Ramazan bayramınız mübarək” təbrikini ehtiva edən stikerlərin yapışdırıldığı və öncədən paketlənmiş iftar dəstlərindən ibarət 500 ağ polietilen paketi ilk növbədə hər iki valideyni itirən uşaqlara, daha sonra isə yoxsul və kasıb ailələrə paylanılıb.

Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO