“Rusiya tez-tez insan resursuna əsaslanan strategiyasından istifadə edir” Dünya

“Rusiya tez-tez insan resursuna əsaslanan strategiyasından istifadə edir”

“Rusiya-Ukrayna müharibəsi kimi uzunmüddətli müharibələrdə əsas müəyyənedici faktor insan resursu, iqtisadi imkan və siyasi iradə olur. Böyük itkilər nəticəsində mobilizasiya çətinləşir və insan ehtiyatının azalması hücum əməliyyatlarının zəifləməsinə gətirib çıxarır. Ukrayna rəsmiləri tez-tez Rusiyanın ordusunun zəiflədiyini, mobilizasiya böhranının yaxınlaşdığını və iqtisadi resursların azaldığını vurğulayaraq müharibənin qazanıla bilən olduğunu göstərməyə çalışırlar. Bu mesajların əsas məqsədi müharibəni qazanıla bilən kimi göstərərək Qərbin yardımını davam etdirməsinə nail olmaqdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloq deyib ki, paralel olaraq həmçinin Rusiya cəmiyyətində mobilizasiyaya qarşı narazılığı artırmaq və Ukrayna cəmiyyətində motivasiyanı gücləndirmək məqsədi güdülür: “Rusiya müharibədə tez-tez insan resursuna əsaslanan strategiyasından istifadə edir. Tarixi nümunə olaraq İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin geniş insan ehtiyatına arxalanaraq uzunmüddətli müharibə aparmasını göstərə bilərik. Andrey İlyenkonun fikri müəyyən hərbi məntiqə əsaslanır, lakin bu, tam obyektiv hərbi qiymətləndirmə deyil. İlyenkonun vurğuladığı Rusiya bütün cəbhə boyunca kifayət qədər qoşun toplaya bilmir fikri strateji baxımdan məntiqlidir. Çünki cəbhə xətti 1000 km-dən çoxdur. Bu halın özü qoşunların bir istiqamətdə artırılması zamanı digər istiqamətdə boşluq yaradır”.

Y.Hacıyeva əlavə edib ki, Ukraynanın taktiki strategiyası isə əsasən bu zəif nöqtələrdən istifadə etməyə, lokal hücumlarla cəbhə xəttində boşluqlar yaratmağa yönəlib: “Müharibənin gedişatına təsir edən əsas faktorlar Qərbin Ukraynaya hərbi yardımı, Rusiyanın mobilizasiya və sənaye imkanları, cəbhədəki taktiki uğurlar və həmçinin siyasi iradə ilə ictimai dəstək faktorlarıdır. Bunlardan hər hansı birinin ciddi şəkildə dəyişməsi münaqişənin balansını əhəmiyyətli dərəcədə dəyişdirə və müharibənin taleyini yenidən müəyyən edə bilər. Amma bu açıqlama həm də informasiya müharibəsinin və siyasi kommunikasiya strategiyasının bir hissəsi kimi dəyərləndirilə bilər. Rusiyanın resursları azalsa belə böyük dövlətlərdə müharibənin taleyi adətən uzunmüddətli iqtisadi və siyasi dözümlülük ilə müəyyən olunur”.

Röya İsrafilova