"Türkiyə müharibəyə qoşulmayacaq” Gündəm

"Türkiyə müharibəyə qoşulmayacaq”

Ötən gün İran növbəti dəfə Türkiyəyə ballistik raket atıb. Qeyd edilir ki, İrandan atılan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Bəs Türkiyə ABŞ-İran müharibəsinə qoşula bilərmi?

Sual ətrafında xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov qeyd edib ki, bu cür vəziyyətlərdə Türkiyə böyük ehtimalla çox təmkinli davranacaq: “Yəni indiki halda Türkiyənin müharibəyə qoşulmaq məsələsi yəqin ki, mümkün deyil. Əslində, mümkündür, sadəcə olaraq Türkiyə mövcud durumla bağlı qoşulmayacaq. Amma hər halda Türkiyə İran dövlətindən raketi kimin atdığını və burada hansı qrupların əlinin olduğunu araşdırmağı tələb edəcək. Ancaq faktiki olaraq İrana qarşı müharibəyə qoşulmaqda isə Türkiyə çox da tələsməz”.

S.Hümbətovun sözlərinə görə, amma başqa ölkələr Türkiyəni müharibəyə qoşulmağa təhrik edə bilər: “Mən qoşulacağına inanmıram. Çünki burada türk amili var. Yəni İranda əhalinin yarısı türkdür. İranın parçalanması Türkiyənin özünə də sərf etmir. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Türkiyənin müharibəyə qoşulmaq ehtimalı çox az görünür”.

Röya İsrafilova