“Ermənistandakı proseslərin 3-cü mərhələsi başlayıb” Siyasət

“Ermənistandakı proseslərin 3-cü mərhələsi başlayıb”

Mübariz Əhmədoğlu: "Bu prosesin 4-cü mərhələsi olmayacaq"

"Serj Sərkisyanın hakimiyyətdən getməsində ABŞ və Rusiya konsensusa malik idi. Çünki Serj Sərkisyanın Rusiyanın adından ABŞ-a, ABŞ adından Rusiyaya söylədikləri yalanları onun iki iri dövlət tərəfindən müdafiə olunmamasının əsas səbəbi idi. Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sərkisyan elə başa düşürdü ki, o həm ABŞ-ı, həm də Rusiyanı aldada bilir. Sonda isə bəlli olur ki, o özü-özünü və erməni xalqını aldadırmış. Əksər əhalinin fikrincə, Sərkisyan böyük şahmatçıdır və Rusiya ilə ABŞ arasında çox gözəl manevr edə bilir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, aprelin 24-ü axşamdan Ermənistandakı proseslərin 3-cü mərhələsi başladı: "Bu prosesin 4-cü mərhələsi olmayacaq. 4-cü mərhələ vətəndaş müharibəsi olacaq. Buna isə əsas səbəb ABŞ və Rusiyanın Ermənistan uğrunda mübarizəni açıq müstəviyə keçirməsidir.
ı. ABŞ Dövlət Departamenti Ermənistanda hakimiyyətin dinc yolla təhvil verilməsi məsələsini aktuallaşdırdı. Bununla da o, Ermənistan müxalifətinə dəstəyini rəsmən açıqladı.
ıı. D.Tramp son 50 ilin tarixində ilk dəfə olaraq " erməni soyqırımını" gecikmiş tarixlə qeyd etdi. Təbii ki, "erməni soyqırımı" terminini işlətmədi. Mets yeqerin terminini işlətdi. Amma onun 23-ü axşam deyil, məhz 25-i səhər münasibət bildirməsi bu Ermənistandakı hadisələrlə bağlıdır. Ermənistan Trampın gözündən düşüb. ABŞ-ın belə mövqeyi Ermənistanda Rusiyanın mövqeyini gücləndirə bilərdi. Ona görə D.Tramp uydurma "erməni soyqırımının" 103 ildönümü ilə bağlı gecikmiş də olsa münasibət bildirdi.
I. Rusiya aşkar şəkildə nümayiş etdirdi ki, Serj Sərksiyanı müdafiə etmir. Rusiya S.Sərkisyanı hətta KTMT vasitəsilə müdafiə edə bilərdi. KTMT son bir ildə üzv dövlətlərinin daxilindəki sabitsizliyi dəfələrlə müzakirə edib və daxili sabitsizlik deyəndə ən çox Ermənistan başa düşülüb. Bu mövzuda KTMT Ermənistanın daxilində iki dəfə hərbi təlimlər keçirib və nəzərə də alınmalıdır ki, KTMT-nin baş katibi milliyyətcə erməni Yuri Xaçaturovdur. KTMT Ermənistandakı proseslər ərzində heç bir bəyanat verməyib.
II. S.Sərkisyanın istefasından dərhal sonra Rusiyanın baş naziri D.Medvedev Ermənistanın baş naziri K.Karapetyana zəng etdi. Məsələnin yalnız Konstitutsiya çərçivəsində həllinin mümkünlüyünü bildirdi. Başqa sözlə, mitinqlərin dövlət idarəçiliyinə təsiri minimum olmalıdır.
III. Kremlin təcili olaraq Yerevana göndərdiyi milliyyətcə erməni rusiyalı iş adamı Samvel Karapetyan baş nazir K.Karapetyanla görüşdü. Samvel Karapetyan "İnvestorlar klubu"nun başladığı, amma dayandırdığı layihələrin yenidən fəaliyyətə başlayacağını bildirdi. Bu, Rusiyanın Ermənistan uğrunda ciddi mübarizə apardığının işarəsi idi.
IV. V.Putin Baş nazir səlahiyyətlərini icra edən K.Karapetyana zəng etməklə Ermənistanın Baş naziri postunda yalnız onu qəbul edəcəyinin mesajını verdi.
V. RF Xarici İşlər Nazirinin müavini Q.Karasin Ermənistanın Rusiyadakı səfirini dərhal yanına çağırdı və onunla Ermənistanın daxilindəki vəziyyəti müzakirə etdi. Proseslərin Konstitusiya hüquqi müstəvidə sona çatmasını bildirdi; Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir. Eyni ilə həmin fikri bir gün keçmiş baş nazir K.Karapetyan ortalığa qoydu. O, Nikol Paşinyanın dialoq təklifindən imtina etdi və yeni parlament seçkilərini tələb etdi. Ermənistanda parlament seçkilərini rusiyapərəst qüvvələrin udmaq
şansı çox böyükdür. Çünki Rusiyanın özündə təxminən 3 milyona yaxın erməni yaşayır və bunun bir qismini Rusiya Ermənistana qaytarmaqla Ermənistandakı seçkilərın taleyini həll edəcək. Hər halda Ermənistanın vətəndaş müharibəsi və bundan sonrakı dövrü indiki proseslərin gedişindən aydın başa düşmək olar. Ermənistandakı proseslər əgər Rusiyanın dediyi kimi konstitusiya hüquqi çərçivəsində baş verməyəcəksə, vətəndaş müharibəsindən az sonra bir qrup Ermənistan vətəndaşı Ermənistanın Kalininqrad statusu ilə Rusiyanın tərkibinə qoşulması məsələsini aktuallaşdıracaqdır.
Hələlik prezident Armen Sərkisyan KTMT üzv dövlətlərin başçıları ilə danışıqlar aparır. Ehtimal ki, KTMT sülhməramlılarını dəvət edir. Bu RF –in ssenarisidir".