"Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edir" Gündəm

"Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edir"

Düz 5-il bundan öncə Ermənistan ordusu, Azərbaycan ordusu qarşısında diz çökdürülərək təslim edildi. Xalqımızın ən böyük arzusunu şanlı Azərbaycan ordusu təmin etdi və 30 illik işğala son qoydu. İşğalçı Ermənistan üzərində qələbəmizi təmin edən və onun yaratdığı separatçı rejimin kökünü qazıyan Azərbaycan ordusunun qan bahasına qazandığı bu zəfərin 5 illiyinə həsr olunmuş hərbi parad, noyabrın 8-də paytaxt Bakıda keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Paradın keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən bir çox mühüm mesajlar var və bunların hər birində ölkəmiz açısından faydalı olan amillərin olduğu qənaətindəyəm. Paradın keçirilməsi həm simvolik, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Daxili auditoriyaya yönəlmiş bu tədbirin keçirilməsi ilk növbədə Azərbaycan xalqının qələbə ruhunu və milli həmrəyliyini təzələyir və gənclərin vətənpərvərlik ruhunda böyüməsinə səbəb olur" - deyib politoloq.

O, qeyd edib ki, həmçinin dövlətçiliyə bağlılığı möhkəmləndirir və orduya inamı artırır. Paradın keçirilməsində həmçinin məqsəd olaraq, regional və beynəlxalq ictimaiyyətə yönəlik kifayət qədər genişmiqyaslı mesajlar da yer alır. Bura region ölkələri, xüsusilə də Cənubi Qafqaz ölkələrində yeni reallıqları qəbul etməli olan tərəflərə açıq mesajlar var. Bu Azərbaycanın regionda hərbi -siyasi güc mərkəzinə çevrilməsi ilə bağlı iddianı da bir daha fakt olaraq sübut edir:

"Həmçinin Ermənistanın yanında duran qüvvələrin və ölkələrin ünvanına açıq şəkildə ifadə olunan mesajlar var. Azərbaycan, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təminatçısı rolunda çıxış edir və təhlükəsizliyin qorunub saxlanılması istiqamətində mühüm işlərə imza atır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbi paradda iştirak etmək üçün səfər etməsi, regional əməkdaşlıq və hərbi ittifaqın möhkəmliyini göstərir. Həmçinin Azərbaycan beynəlxalq ictimaiyyətə təqdim edir ki, biz regionda sülh və sabitliyin təminatçısı olmaq iddiasındayıq və bunu həyata keçirmək üçün güclü ordumuz var. Professional idarəçilik və müasir texnologiyalara sahibik. Tərəfdaşlıq üçün açıq ölkəyik və sairə. Eyni zamanda paradın keçirilməsində məqsəd və fayda, siyasi və hərbi kommunikasiya vasitəsi kimi dövlətin xarici siyasi kursunu gücləndirir. Paradda yerli hərbi sənayenin istehsal etdiyi hərbi silah-sursat və texnikanın nümayiş etdirilməsi, iqtisadi baxımdan fayda daşıyır və ordunun müasir texnika və döyüş hazırlığının nümayişi həm təcrübə, həm də psixoloji motivasiya baxımından vacibdir. Bütün bunlar, Azərbaycana təkcə müharibədə qalib gəlməsini göstərən amil kimi çıxış etmək imkanı vermir, həmçinin sülh dövründəki gücünü , sabitliyini və dövlətçilik iradəsini ortaya qoyur".

Cavid