Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək Siyasət

Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur: "Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb.
Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.
Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir".
Prezident İlham Əliyev özünüməşğulluq proqramının icrasının böyük ümidlər verdiyini bildirib: "Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər.
Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək".

"Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər"

Azərbaycan Prezidenti deyib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır.
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var".


Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir

Dövlətimizin başçısı sahibkarlıqla bağlı siyasətin davam etdiriləcəyini bildirib: "Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər.
Kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmini biz işə salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır".


Kənd təsərrüfatında islahatları dərinləşdirməliyik

Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatında islahatlar dərinləşdirməlidir: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi.
Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir.
Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik.
Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında.
Heyvandarlıqla bağlı bəzi rəqəmləri gətirmək istərdim. 2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq.
Süd istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub. Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı təxminən 15-20 faiz artmalıdır.
Quş əti - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar, xurma 114 milyon dollar, pambıq və un məmulatları 108 milyon dollar, fındıq 100 milyon dollara yaxın və alma 38 milyon dollar.
Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var".

"Dördüncü proqram da artıqlaması ilə icra ediləcək"

Azərbaycan Prezidenti bildirib ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur: "Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Dünya Bankı "Doing Business" hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük müvəffəqiyyətdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir".