“Vəkilliyə imtahanla bağlı məhdudiyyətin qaldırılmasını müsbət qiymətləndiririk” Siyasət

“Vəkilliyə imtahanla bağlı məhdudiyyətin qaldırılmasını müsbət qiymətləndiririk”

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsini müsbət qiymətləndirib.
Vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılması vəkillik fəaliyyətinin təkmilləşdirilməsinə təkan verəcək.
O bildirib ki, Vəkillər Kollegiyası yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanının verilməsində maraqlıdır: "Dəfələrlə bu mövqedən çıxış etmişik. Hesab edirik ki, onlar gözləməməlidirlər, oxuyub növbəti imtahanda iştirak etməlidirlər".
A.Bağırov xatırladıb ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin fevralın 4-də keçirilən iclasında fəaliyyəti dayandırılan vəkillərin mart ayından etibarən üzvlük haqqı ödəməkdən azad edilmələri ilə bağlı qərar qəbul edilib: "Kollegiya artıq bu qərarı qəbul edib. Dəyişiklik Kollegiyanın mövqeyi ilə üst-üstə düşür. Düşündük ki, vəkilin fəaliyyəti dayandırılıbsa, o, üzvlük haqqını ödəməməlidir. Onlar ödəniş tələb etmək doğru olmaz, onları əlavə xərcə salmış olarıq. Bir sözlə, dəyişiklik təklifini alqışlayırıq".
Qeyd edək ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan "Vəkillər və vəkillik haqqında" qanuna dəyişiklik layihəsinə əsasən, vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.
Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.
Dəyişiklik isə belədir: "İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz".
Layihədə qeyd olunub ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.
İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.
Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.
Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.