“Qərb Azərbaycana təsir edə bilməyəcək” Siyasət

“Qərb Azərbaycana təsir edə bilməyəcək”

Fərasət Qurbanov: "İkili standartlardan yanaşma bu qurumların həyat prinsipinə çevrilib"
Hatəm Cabbarlı: "Bu, birbaşa Ermənistanı dəstəkləməkdir"

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) son bir həftə ərzində Azərbaycanla bağlı düz 3 dəfə ayrıca bəyanatla çıxış edib. Bunlardan ən əsası Vətənə xəyanət də daxil olmaqla bir sıra cinayətləri törətməkdə şübhəli bilinən Leyla Yunusla bağlıdır. Bundan başqa yeni münasibət Cəbhədə baş verən erməni təxribatları ilə bağlı da müşahidə olunur. Beynəlxalq təşkilatlar işğalçının vəkili rolunda çıxış edirlər.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, qərb bu bəyanatlarla Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir edə bilməyəcək: "Çünki ikili standartlı yanaşma bu qurumların həyat prinsipinə çevrilib. Məsələn, Saakaşviliyə qarşı cinayət işi açılanda heç bir bəyanat verilmədi. "Qızıl gül" inqilabından sonra Qamsaxurdiya və Şevardnadze dövründən qalma siyasi-mədəni elitanın, siyasi rəqiblərin sıxışdırılması ən yüksək həddə çatmışdır. Həmin şəxslərin mühüm bir hissəsi ölkəni tərk edərək Rusiya, Yunanıstan və Fransaya mühacirət etməyə məcbur olmuşdu. Gürcüstanın hazırkı hakimiyyəti isə Saakaşvilinin həbsi ilə bağlı qərar çıxarır, onun tərəfdarlarını sıxışdırır, media orqanlarına təzyiq edir. Ukraynanın hazırkı hakimiyyəti Yanukoviçə yaxın olan siyasətçiləri sıxışdırır, qətllər törədilir, qanuni təsisatların fəaliyyətinə xitam verilir, hətta parlamentin buraxılması üçün tədbirlər görülür. Keçmiş hakimiyyətə yaxın olan media ən sərt şəkildə susdurulur. ATƏT məkanına daxil ilan digər ölkələrdə, hətta Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə demokratiyadan əsər əlamət olmadığı halda, Qərb təşkilatları onları tənqid etmirlər. Buna səbəb isə onların ABŞ-la yaxın müttəfiq olmasıdır. Bütün bu biabırçılıqlara Qərb niyə gözünü yumur? Azərbaycanda ən cüzi hadisəyə belə ciddi diqqət ayıran, şişirdilmiş bəyanatlar verən HRW, Freedom House, Amnesty İnternational və digər təşkilatlar niyə susurlar? Leyla Yunusla bağlı bəyanat verən ABŞ Dövlət Departamenti regionumuzun digər ölkələrində, Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demir. Bütün bu hallar Qərbin Azərbaycanla bağlı siyasətində ikili standartların və ədalətsizliyin hökm sürdüyünü açıq göstərir. Azərbaycan ictimaiyyəti, ziyalılar, siyasi partiya, QHT rəhbərləri Qərbin bu mövqeyini hiddətlə pisləyir və ikili münasibətin aradan qaldırılmasını tələb edirlər". Şura rəsmisi həmin beynəlxalq təşkilatların Azərbaycanda sosial sahədə problemlərə dəstək vermədiyini deyib: "Leyla Yunusun açıq şəkildə Azərbaycan xalqını təhqir etməsi, cəsusluq fəaliyyəti ilə məşğul olmasını müdafiə etmək istəyirlər. Azərbaycan ictimaiyyəti və QHT-lər bu fəaliyyəti çox ciddi şəkildə qınayırlar. Bizim QHT-lər bu məsələyə aktiv reaksiya verdilər. Leyla Yunusun düşmənçilik fəaliyyəti pislənildi. O ki qaldı beynəlxalq təşkilatların, bəzi fondların ölkəmizdəki pozucu fəaliyyətinə, bu məsələlər Azərbaycana və beynəxalq ictimaiyyətə tam aydındır. Belə yalançı bəyanatlarla insanları aldatmaq olmaz. Bu təşkilatlar heç vaxt ölkəmizdə milli-mənəvi dəyərlərin inkişafına, sosial vəziyyəti ağır olan şəxslərə kömək, əhalinin təhsilinin yükəsldilməsinə, sağlamlıq məsələlərinə, ətraf mühitin qorunması, qadın, uşaq məsələləri kimi həssas mövularda Azərbaycana heç vaxt dəstək verməyiblər. Onlar yalnız bir qrup öz mənafelərinə çalışan, ölkəmiz haqda pozucu, yalan informasiyalar ötürən təşkilatların fəaliyyətini dəstəkləyirlər. Bu fəaliyyətin də nədən ibarət olduğu artıq ictimaiyyətə məlumdur. Son dövrlər erməni təcavüzkarlarının bizim hərbi mövqelərimizə etdiyi hücumlara Leyla Yunus kimilərə havadarlıq edən təşkilatlar münasibət bildirmir. Belə olduğu halda Azərbaycan dövləti ölkədə ictimai-siyasi vəziyyəti sabit saxlamaq və ərazi bütövlüyünün bərpası üçün lazımı tədbirlər görür".
Millət vəkili, YAP Siyasi Şurasının üzvü Elman Məmmədov söyləyib ki, Dünya birliyi Azərbaycanın haqlı mövqeyinə, torpaqlarımızın işğal olunması faktına, Xocalıda insanlıq əleyhinə cinayətə göz yumursa, onların ölkəmizin daxili işlərinə qarışmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı yoxdur. O, bildirib ki, Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb erməni vəhşiliyinə göz yumur: "Bütün bunlar bir daha göstərir ki, Qərb heç də dünyada azadlıqların yayılmasında, insan haqlarının qorunmasında deyil, öz şəxsi maraqlarını həyata keçirməkdə israrlıdır. Harada ki, Qərbin maraqları qorunur, orada Qərb insan haqlarının pozulmasına da, işğalçılıq faktlarına da göz yumur. Yox əgər harada ki, Qərbin maraqları qorunmur, orada biz "demokratiya fədailəri"nin susqun mövqeyinə şahidlik edirik. Azərbaycanın müstəqil siyasət yürütməsi, regionun lider dövlətinə çevrilməsi dünya güclərinin maraqlarına cavab vermir və onlar hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar. Torpaqları işğal olunan, vətəndaşları məcburi köçkün həyatı yaşamağa təhrik edilən Azərbaycan öz torpalarını düşmən tapdağından azad etməyə qadir və ən qısa zamanda öz torpaqlarını işğaldan azad edə bilər. Əgər bu gün Ermənistan BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini qulaqardına vurursa, bizim də hüququmuz var ki, öz halal haqqımızı tələb edək".
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə isə, açıq-aşkar görünür ki, beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirlər". Onun qeyd etdiyinə görə, hamı çox gözəl bilir ki, Qərbin bir sıra ölkələrində multikulturalizmdən imtina olunub: "Digər tərəfdən, Qərbin bir sıra ölkələrində islamafobiya baş alıb getməkdədir. O şəxs ki, İslam dininin daşıyıcısıdır, ona xüsusi yoxlamalar da var. Eyni zamanda, Qərb dövlətlərində İslam daşıyıcılarının telefon danışıqlarına qulaq asmaq var. Qəbr dövlətlərində ayrı-seçkilik hiss ediləcək dərəcədə mövcuddur, amma nədənsə beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələyə göz yumurlar". Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanda baş verən hadisələrə də Qərb dövlətləri nədənsə o dərəcədə reaksiya vermir: "Ermənistanda prezident seçkilərinə namizədlərin güllələnməsi, parlamentin gülləbaran edilməsi və kütləvi aksiyalara münasibətdə sərt hərəkətlərin edilməsi, hətta insan tələfatı... Ancaq Qərb dövlətləri və beynəlxalq təşkilatlar bunların üstündən keçdilər, bu məsələni epizodik olaraq qeyd etdilər". Əlimmməd Nuriyev onu da bildirib ki, neçə illərdir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb. Bu insanların hüquq və azadlıqlarının müdafiəsi, fundamental hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların genişmiqyaslı rəyi varmı? Son illərdə ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında bununla bağlı hər hansı bir qeydə rast gəlinmir". Onun sözlərinə görə, sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür: "Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz. Qərbin və beynəlxalq təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, dünya budur".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyir ki, münaqişənin həll edilməsi üçün fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun və BMT-nin atəşkəsi pozan Ermənistana qarşı sərt bəyanatlar vermək, siyasi, iqtisadi sanksiyalar tətbiq etmək əvəzinə, sadəcə, narahat olduğunu bildirməsi bizi ələ salmaqdan başqa bir şey deyil: "Minsk Qrupunun fəaliyyətinin məntiqinə tərs olaraq, bugünkü status-kvo onları qane edir. Əgər etməsəydi, son 20 ildə münaqişənin həlli istiqamətində ciddi addımlar atardılar. Necə olur ki, həmsədr dövlətlər, NATO, BMT və s. təşkilatlar dünyanın ən ucqar yerində öz mənafeləri zədələndiyi zaman silahlı müdaxiləyə razılıq verirlər, amma torpaqları işğal edilən Azərbaycanın hərbi əməliyyatlara başlamasına qarşı çıxırlar. Hesab edirəm ki, bu, birbaşa Ermənistanı dəstəkləməkdir, ikili standartdır, beynəlxalq hüququn prinsip və normalarını kobudcasına pozmaqdır. Həmsədrlər 20 ildən çoxdur işğala məruz qalan və işğal edənin kim olduğu haqqında bir dəfə də qəti fikir bildirməyiblər. Bu məsələyə aydınlıq gətirmədən vasitəçi rolunu oynayan həmsədr dövlətlərdən müsbət nə gözləmək olar? Əslində bu münaqişənin həllinin uzanması həmsədr dövlətlərin siyasi və iqtisadi maraqlarına uyğundur. Bununla onlar bölgədə qalmağa çalışır və tərəflərə təzyiq göstərməyə çalışırlar".

Əli