Rəsmi Bakıdan ABŞ-a etiraz Siyasət

Rəsmi Bakıdan ABŞ-a etiraz

Hovruz Məmmədov: "Təəssüf ki, biz belə qərəzli mövqeni tez-tez müşahidə edirik"
Məlahət İbrahimqızı: "Bu cür yanaşmalar ikili standartların göstəricisidir"

ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqları sahəsindəki vəziyyətlə bağlı ikinci illik hesabatı dərc edib. hesabatda ötən il insan haqları ilə bağlı vəziyyət haqqında məlumatlar yer alıb.
Sənəddə Azərbaycanda insan haqları sahəsindəki vəziyyət də yer alıb. Dövlət katibi Con Kerri tərəfindən təqdim olunan hesabata əsasən, il ərzində Azərbaycanda insan haqları sahəsində problem kimi fikir azadlığı, sərbəst toplaşma və birləşmə azadlığına məhdudiyyətlərin olması iddiaları əksini tapıb.
Bundan başqa sənəddə QHT-lərlə bağlı qanunvericilik düzəlişlərinin onların maliyyələşməsində daha çox məhdudiyyətlərə gətirib çıxaracağı qeyd olunub. Habelə qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian icmaların dini etiqad azadlıqlarının məhdudlaşdırılması, QHT-lərin qeydiyyata alınması zamanı məhdudiyyətlərin olduğu qeyd edilib.
Həmçinin qeyd olunur ki, məhkəmə qərarlarının qəbulu zamanı çatışmazlıqlar, o cümlədən özbaşına həbs və saxlanma halları ilə bağlı məlumatların artması mövcuddur. Hesabatda bildirilib ki, insan haqlarını pozmuş əksər məmurların cəzalandırılması və məhkəməyə cəlb edilməsi ilə bağlı qərar qəbul edilmir, cəzasızlıq problem olaraq qalıb.
Hesabatda o da qeyd olunur ki, Prezident Administrasiyası ictimai xidmətlər yaratmaqla, korrupsiyanın azaldılması istiqamətində yetərli tədbirlər görsə də, korrupsiya faktları hələ də qalır.
Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu hesabata münasibət bildirib. O deyib: "Bu bəyanat və ya hesabat çox qeyri-obyektivdir, Azərbaycandakı reallığı əks etdirmir.
Burada bütün məsələlərə yanaşmada ifrat qərəzlilik müşahidə olunur. Bu hesabatı biz əlbəttə, qəbul etmirik. Çox təəssüf ki, ABŞ Azərbaycana qarşı qərəzli mövqeyini həmişə olduğu kimi, fürsət düşəndə nümayiş etdirib. Biz bunu tez-tez müşahidə edirik".
PA rəsmisinin sözlərinə görə, insan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir: "Təəssüf ki, biz belə qərəzli mövqeni tez-tez müşahidə edirik. Əgər belə olmasaydı, elə bu günlərdə 22 il əvvəl bir gecədə qətlə yetirilmiş 613 nəfər günahsız uşaq, qadın və qocanın hüquqları barədə verilən suala ABŞ Dövlət Departamentinin sözçüsü cənab Psaki deməyə heç olmasa bir söz tapardı. Jurnalisti sualını təkrar edərək, "niyə mövqe bildirmirsiniz" deyə irad tutmağa məcbur etməzdi. Və yaxud, 20 ildən artıq bir müddətdə ərazilərimizi işğal altında saxlayan tərəfə "işğalçı desək, bu, təhqir hesab edilə bilər" bəyanatını necə başa düşmək lazımdır? Budur ABŞ-ın ədalətli mövqeyi?"
PA rəhbərinin müavini deyib ki, göründüyü kimi, budəfəki hesabatda onu tərtib edən "dostlar" Azərbaycandakı real prosesləri yox, özlərinin qərəzli mövqelərini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxıblar: "Bilirsiniz, bu gün dünyanın 50-dən çox ölkəsində müxtəlif səbəblər üzündən gərginlik yaşanır, 10-a yaxın ölkədə müxtəlif xarakterli münaqişə və müharibə gedir. Bu proseslər isə heç də özbaşına olmur. Azərbaycan belə bir beynəlxalq şəraitdə 20 ildir ki, sabitlik və dinamik inkişaf adasına çevrilib.
Bunu hamı əla görür və qiymətləndirir. Bunu elə 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri də nümayiş etdirdi. Əminəm ki, Azərbaycan xalqı öz tarixi nailiyyətini - 20 il ərzində nail olduğu bu sabitliyi və dinamik inkişafı bundan sonra da qoruyub saxlayacaq".
Qeyd edək ki, hakim Yeni Azərbaycan Paprtiyası da Dövlət Departamentinə etiraz edib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirərkən deyib: "Bir neçə il öncəyə qədər ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda Amerikanı demokratiyanın beşiyi adlandırırdılar. Amma dünyada gedən son proseslər göstərdi ki, əslində demokratiya məfhumu insanların düşündüyü dəyərlər deyil. Baş verən proseslərdən aydın olur ki, demokratiya pərdəsi altında xaos, qarşıdurmalar yaratmaq istəyən qüvvələr var. İstər Suriyada, istərsə də Ukraynada gedən proseslər bunu bir daha sübut edir".
O qeyd edib ki, bu cür yanaşmalar ikili standartların göstəricisidir: "Bilirsiniz, bu, ikili standartdır, özlərinin marağına uyğun gələn izahatı verirlər. Hazırda Azərbaycan xalqının problemlərindən biri Qarabağ münaqişəsidir. Biz Avropanın enerji təhlükəsizliyində ən mühüm rol oynayan ölkələrdən biriyik. Amerika ilə də strateji müttəfiqliyimiz var. Amma onlar Azərbaycan üçün nə ediblər? Bir neçə gün öncə Xocalı faciəsini andıq. Amerikanın Azərbaycandakı səfiri başsağlığı göndərdi. Orada "təcavüzə", "işğala məruz qalan" sözləri yox idi. Bu, sadəcə iki ölkə arasında müharibə kimi göstərilmişdi. Bunu kim edib? Gözə görünməz qüvvələr edib? Onların bu cür bəyanatları gözləniləndir, bunlar da reallığı əks etdirmir. Xalq öz taleyini özü həll edir. Azərbaycandakı inkişafdan narahat olan qüvvələr belə bəyanatlar verirlər".
Millət vəkili əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul edibsə, buna üzv ölkələr etiraz etməməlidir: "Bu hesabatda da beynəlxalq təşkilatların qəbul etdiyi qətnamədə olan reallıq göstərilir".