“ATƏT-in Minsk qrupundan optimist açıqlamalar çox görmüşük” Siyasət

“ATƏT-in Minsk qrupundan optimist açıqlamalar çox görmüşük”

Asim Mollazadə: "Ancaq onların bir nəticəsi yoxdur"

Əlisahib Hüseynov: "Onların hədə-qorxusu da, çırpınmaları da heç bir əhəmiyyət kəsb eləmir"

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başa çatıb. Səfərin yekunkarına görə, həmsədrlərin növbəti bəyanatı yayılacağı gözlənilir. Həmsədrlərin səfərinə münasibətini açıqlayan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin sözlərinə görə, 20 ildən artıq müddətdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupundan optimist açıqlamalar çox görülüb:"Ancaq, onların bir nəticəsi yoxdur. Həmsədrlər optimizminin arxasında Ermənistan danışıqların imitasiyası ilə məşğuldur. Ermənistan həmişə son anda danışıqları dayandırır. Biz həmsədrlərdən optimizm görürük, amma hələ bir nəticə yoxdur".
A.Mollazadə ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutunun "5-lik Sədrlər Şurası" ilə əvəzlənməsi məsələsinə də münasibət bildirib: "Bu məsələ müzakirə olunsa da, onun nəticə verib-verməyəcəyini deyə bilmərəm. Ermənistan müstəqil dövlət deyil. Onun arxasında qüvvə durub. Ermənistan da öz siyasətini sahiblərinin göstərişləri üzərində qurur. Ona görə də ATƏT-in Minsk qrupuna hər hansı bir dövlətin daxil edilməsinin prosesin irəli getməsinə xidmət edəcəyinə inanmıram".
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib ki, böyük dövlətlər Minskdə xüsusi olaraq məhz Ukrayna üçün toplaşmaqla növbəti dəfə "ikili standart"a imza atmış oldular: "Ukraynadakı hərbi-siyasi gərginlik anbaan böyük dövlətlərin diqqət mərkəzindədir. Çünki Rusiyanı tamamilə küncə sıxışdırmaq üçün Ukraynadakı gərginlik onlara hava-su kimi lazımdır. Amma Dağlıq Qarabağ problemini isə qəsdən unutmağa və arxa plana keçirməyə çalışırlar. Qarabağ məsələsi böyük dövlətlərin gündəliyində yoxdur və bu gedişlə onlar sözügedən məsələni yaxın perspektivdə masaya yatıracaq kimi də görünmürlər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə bölgəsinə tez-tez səfərlər etməsi və Azərbaycanın, Ermənistanın liderləri ilə görüşmələri də gözə kül üfürməkdən başqa bir şey deyil. Onlar sadəcə "status-kvo" diplomatiyası ilə məşğuldurlar".
Onun fikrincə, yeni səfirin gəlişi elə bir piarla müşayiət olundu ki, artıq ona bəslənilən ümidlər də böyükdür:"Bu, cənab Sekutanın məsuliyyətini birə-beş artırmış oldu. Zənnimcə, ABŞ-ın bu dəfəki səfiri "Dəmir daban" imicini hələ Bakıya gəlmədən qazanıb. Çünki Azərbaycanın artıq siyasi arenada söz sahibi olması və öz oyununu oynaması ABŞ-ı məcbur edir ki, diplomatik səviyyəni bir neçə pillə yüksəltsin. ABŞ-ın Azərbaycanı ciddiyə alması və diplomatik münasibətlərə belə diqqət və incəliklə yanaşması əlbəttə ki, Azərbaycanın xarici siyasətinin uğuru sayıla bilər. Əlbəttə, Rusiyadakı məlum iqtisadi vəziyyət, Ermənistanda seçkilərin yaxınlaşması rəsmi İrəvanı isterik vəziyyətə salıb. Siyasi beyinlər qızıb. Onlar bu başla həm müharibədən dəm vura bilərlər, həm də sülhdən. Lakin gah nala, gah mıxa vurmaqla düşünmürəm ki, onlar bu isterik durumdan qurtula bilərlər. Məncə, ipi öz əlində olmayan ermənilər yalnız seçkilərdən sonra hər hansı bir məsələ barədə aydın fikir yürüdə bilərlər. İndi onların hədə-qorxusu da, çırpınmaları da heç bir əhəmiyyət kəsb eləmir".
Xatırladq ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Əli