Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir Layihə

Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir

Azərbaycan bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlar var. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır.
Elə bu ayın ilk günündə Ərəb Dövlətləri Liqasının Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması bu təşkilatla ölkəmiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir. Dövlətimizin başçısı bu tədbirdə çıxışı zamanı yenə də Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.
Xatırladaq ki, ƏDL-in son sammiti 2019-cu il aprel ayının əvvəlində Tunisdə keçirilib. Bundan sonra koronavirus pandemiyası ilə əlaqədar təşkilatın sammiti baş tutmayıb. ƏDL 1945-ci ildə Qahirədə təsis edilib. Qərargahı Qahirədə yerləşən təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. ƏDL-in tərkibinə 22 dövlət daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat 400 milyondan çox insanın yaşadığı bölgəni əhatə edir. ƏDL-in Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu 2005-ci ildə, Əməkdaşlıq Memorandumu isə 2014-cü ildə Ər-Riyad şəhərində imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. Xatırladaq ki, 2014-cü ildə Ər-Riyadda keçirilmiş ilk forumun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdı. Eyni zamanda, bəyannamədə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar forumların əhəmiyyəti qeyd edilib.
Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunması ölkəmiz üçün əlamətdar hadisədir. Ölkəmizin Sammitdə iştirakı təşkilata üzv ölkələr arasında birliyi nümayiş etdirməklə yanaşı, həm də dostluq və qardaşlıq əlamətidir.
Zirvə toplantısında Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə fəaliyyətindən danışdı. Vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu isə Azərbaycanın mövqeyinə, eləcə də həyata keçirdiyi siyasətə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb.
Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edən Azərbaycan Prezidenti bu əməkdaşlığın yaxın gələcəkdə genişlənəcəyinə, yeni xarakter və dinamika alacağına ümid etdiyini bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədri qismində COVID-19-la bağlı həyata keçirdiyi tədbirlər mövzusundan bəhs edərkən dövlətimizin başçısı ölkəmizin peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı olduğunu sammit iştirakçılarının diqqətinə çatdırdı.
Bu səfərin digər bir əhəmiyyətli tərəfi isə Azərbaycan Respublikasının istər ərəb ölkələri arasında, istər müsəlman dünyasında gündən-günə nüfuzunun artmasıdır. Belə ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun düşmən üzərində tarixi qələbəsi, eyni zamanda, 30 il ərzində erməni işğalına məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi ölkəmizi İslam dünyasında aparıcı və lider dövlətlərdən birinə çevirmişdir. Bu baxımdan, dövlətimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan İslam və ərəb dünyasında yeni mərhələyə qədəm qoymuşdur.
Rəsmi Bakının iştirak etdiyi digər bir beynəlxlaq tədbir isə 11 noyabr 2022-ci il tarixdə Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə görüşü olub.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev “Xalq Cəbhəsi”nə bildirib ki, qloballaşan dünyada milli kimliyin qorunması, tarixi köklərə bağlılıq xalqların mövcudluğu baxımından strateji əhəmiyyət daşıyır. Yeni dünya düzənində türk birliyi, türkdilli dövlətlərin yaxınlaşması və əməkdaşlığı təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir. Türk Dövlətləri Təşkilatı bu tarixi missiyanın təmin olunması baxımından olduqca funksional təsir bağışlayır: “Türk Dövlətləri Təşkilatı 2021-ci ildə yeni status qazandıqdan sonra ilk Sammitini Səmərqənddə keçirib. Ortaq tarix, ortaq dil və ortaq mədəniyyət kimi 3 əsas sütun üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı ilk yarandığı zaman 4 üzv ölkəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda bu gün artıq təşkilatda 5 üzv və 2 müşahidəçi türk dövləti var. Səmərqənddə keçirilən 9-cu Zirvə görüşü 200 milyona yaxın insanı əhatə edən böyük bir coğrafiya üçün əhəmiyyətli hadisədir. Dünyanın mövcud geosiyasi vəziyyətində dünyada mövcud olan türk dövlətlərinin vahid təşkilatda birləşməsi olduqca vacibdir. Bu təşkilat bütün türk dövlətlərinin bir-birinə yaxınlaşmasını və birliyini təmsil edir”.

O, qeyd edib ki, Səmərqənd Sammiti eyni zamanda türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Keçirilən Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından və Azərbaycan – Ermənistan münasibətlərindən bəhs edib.
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli isə bildirib ki, həmin sammitdə İlham Əliyev Türk dünyasının böyük bir ailə olduğunu vurğuladı. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Biz bir daha Səmərqənd sammitində Azərbaycan Respublikasının və Prezident İlham Əliyevin dünya üçün, region üçün, xüsusən də türk dünyası önəminin şahidi olduq.

ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir: «Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək”.
Qeyd edək ki, son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), Ərəb Dövlətləri Liqasının, indi isə Türk Dövlətləri Təşkilatının sammitlərində iştirakı Azərbaycanın multilateralizmə və beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, öz maraqlarını beynəlxalq aləmdə necə uğurla qoruduğunu nümayiş etdirir.
Cavid