Torpağın çirkləndirilməsinə qarşı ciddi tədbirlər görülməlidir Layihə

Torpağın çirkləndirilməsinə qarşı ciddi tədbirlər görülməlidir

5 dekabr Dünya Torpaq Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 5 dekabr 2014-cü il tarixindən qeyd edilir. Məqsəd torpağın deqradasiyadan qorunmasını təbliğ etmək, torpaqla bağlı ekoloji problemləri diqqət mərkəzinə gətirməkdir. Bu günlə əlaqədar hər il müxtəlif maarifləndirici tədbirlər, flaş-moblar keçirilir, əhalinin diqqəti ekoloji problemlərə yönəldirilir.

Mövzu ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, torpaq həyatımızın təməlidir. Torpağın əmələ gəlməsi üçün min illər tələb olunur. Torpaq hava, su, istilik, bitki və heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin iştirakı ilə yer kürəsinin aşınması nəticəsində əmələ gəlir. Torpaq yerin bitki bitən qatıdır.

Azərbaycanda torpaqların ekoloji mühafizəsi bir neçə əsas məsələnin həllini zəruri edir. Bunlardan birincisi ərazilərimizin minalardan təmizlənməsidir. Bəllidir ki, işğal dönəmində Qarabağ və Şərqi Zəngəzur ərazilərində Ermənistan tərəfindən külli miqdarda piyada və texnika əleyhinə mina basdırılıb. Təqribi hesablamalara görə, bu gün işğaldan azad olunmuş bölgələrdə 1.5 milyondan çox mina və partlamamış sursat mövcuddur. Mina təhlükəsi Qarabağın məskunlaşdırılması prosesinə mane olur. Tarixən Qarabağ əhalisinin əsas məşğuliyyəti əkinçilik, arıçılıq, maldarlıq, baramaçılıq, tütünçülük olub. Bu gün işğaldan azad olunmuş bölgələrdə əkinçilik və heyvandarlıq çox riskilidir. Dəfələrlə işğaldan azad olunmuş bölgələrdə məskunlaşdmış və təsərrüfatla məşğul olan soydaşlarımız piyada və texnika əleyhinə minaların qurbanına çevriliblər: “Mina problemi təkcə insanlar üçün deyil, heyvanlar üçün də təhlükəlidir. İşğaldan azad olunmuş bölgələrdən yayılmış videogörüntülərdə vəhşi heyvanların mina qurbanına çevrildiyi görünür.

Mina problemi tikinti-quruculuq işlərinə də mane olur. Son 30 ildə Ermənistan ölkəmizə qarşı ekoloji terror həyata keçirib. Çaylarımız ağır kimyəvi tullantılarla çirkləndirilib. Meşələrimiz kəsilib, nadir bitkilər məhv edilib. Ermənilər hər il yay aylarında işğal bölgəsində yanğınlar həyata keçirirdi. Ağdam istiqamətinə hərəkət edənlər bunu müşahidı ediblər: işğalda olmuş zonada bitki örtüyü demək olar ki, yoxdur. Yuxarıda sadalanan bütün neqativ hallar, ekosid torpağa ciddi ziyan vurub. Ağır metallarla çirklənmiş transərhəd çaylarımız torpağı da çirkləndirir. Meşələrin kəsilməsi ərazidə səhralaşmaya səbəb olur. Son 30 ildə ağır texnikanın hərəkəti, hərbi təlimlərdə və hərbi əməliyyatlarda hərəkəti torpağın münbit üst qatını məhv edib. Keçmiş işğal bölgəsində ekosistemə ciddi ziyan dəyib. Quru ərazilərdə, çaylarda flora və fauna növləri azalıb. Qarabağda və Şərqi Zəngəzurda torpaqların bərpası, ümumiyyətlə ekosistemin bərpasına zaman lazım olacaq. Amma Azərbaycanda torpaqla bağlı problem təkcə işğaldan azad olunmuş bölgələri əhatə etmir. Transərhəd çaylarının hövzəsində yerləşən torpaq sahələrində çirklənmə müşahidə olunur. Kür çayının quruması ilə əlaqədar çayboyu ərazilərdə torpağın deqradasiyası artıb”.

Ekspert qeyd edib ki, Azərbaycanda torpaqların şoranlaşması və səhraşlaması prosesi hər il kənd təsərrüfatına külli miqdarda ziyan vurur. Rəsmi statustikaya əsasən bu gün ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti 2915,4 min hektarı bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları, otlaqlar və biçənəklərdir. 1,8 milyon hektar sahə şum altında istifadə olunur. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr təşkil edir.

Qlobal iqlim dəyişikliyinin fəsadları hər gün artır. Yağıntının miqdarı ciddi şəkildə aşağı düşüb. Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə tədbirlər sırasında torpağın qorunması, deqradasiyanın qarşısının alınması ön sırada olmalıdır. Torpağın şoranlaşmasını önləmək üçün daha modern suvarma sistemi tətbiq olunmalı, ənənəvi selləmə üsulundan imtina edilməlidir. Ekspertlərinin hesablamalarına görə, selləmə suvarma zamanı 40 faiz su itkiyə gedir. Su bitkinin kökünə çatmır, üstəlik torpağın üst qatını yuyur, şoranlaşmaya yol açır. Buna görə də daha səmərəli su idarəetməsinə keçilməli, qənaətcil suvarma sistemləri tətbiq olunmalıdır. Damla suvarma üsulunun tətbiqi ənənəvi genişləndirilməlidir. Bu məsələdə vətəndaş cəmiyyətinin və medianın da üzərinə böyük vəzfiə düşür: “Fermerler arasında maarifləndirmə işləri aparılmalıdır. Ən əsası fermerlərin daha qənaətcil suvarma texnologiyalarına əlçatanlığı təmin edilməlidir. Ölkəmizin əkinə yararlı torpaq fondu onsuz da azdır. Torpağın mühafizəsi üçün kompleks tədbirlərin görelüməsi vacibdir.

Torpağı eroziyadan, şoranlaşmadan qorumaq üçün mövcud kompleks təsərrüfat, təşkilat, aqrotexniki, meliorasiya, meşəsuvarma, hidrotexnika və rekultivasiya tədbirləri görülməlidir. Gübrələrin, kimyəvi maddələrin işlədilməsi və saxlanılmasına da fikir verilməli, torpağın sanitariya-texniki mühafizə tədbirləri yerinə yetirilməlidir. Torpağı çirklənmədən qorumaq qanunu, təşkilatı və sanitariya-texniki tədbirlərin yerinə yetirilmə sistemi torpağın sanitariya mühafizəsi adlanır. Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitariya-epidemioloji stansiyalar tərəfindən yoxlanılmalıdır. Bu zaman ərazidə torpağın fiziki, bioloji, kimyəvi göstəriciləri nəzərə alınmalıdır. Öncə torpaqa nəzarət gücləndirilməli, ondan səmərəli və düzgün istifadə təşviq olunmalıdır. Torpağın kimyəvi tulantılarla çirkləndirilməsinə qarşı ciddi tədbirlərin görülməsi də günün vacib tələbidir. Dağ-mədən sənayesi müəsissələrinin fəaliyyətin vaxtaşırı monitorinq edilməlidir. Qlobal iqlim dəyişikliyinə adaptasiya tədbirlərindən biri də susuzluğa davamlı, daha səmərəli növlərin əkilməsidir”.

E.Cəfərlinin fikrincə, torpaq plansız surətdə istifadə olunduqda, ona nəzarət edilmədikdə, çirkləndikdə şübhəsiz xarab olur, gücdən düşür. Bu gün bəzi bölgələrdə əkinlərin plansız şəkildə aparılması müşahidə olunur. Torpağa aqrotexniki qulluq göstərilmir. 1991-ci ilə qədər əkin prosesi rəsmi qurumların ciddi nəzarəti altında idi. Torpağın əkinə hazırlanması, suvarma, toxumların saxlanması, səpilməsi prosesinə ciddi nəzarət var idi. Bu prosesi düzgün aparmayan təsərrüfat rəhbərləri ciddi şəkildə cəzalandırılırdılar. Müstəqillik dövründə bu prosos demək olar ki, sərbəst buraxılıb. Fermerlərin hamısının isə aqrotexnikli bilikləri, təcrübəsi yoxdur. Heyvandarlıq bağlı ciddi problem göz dəymir. Çünki əhalinin heyvandarlıqla bağlı təcrübəsi yetərincədir. Əkinçilikdə isə bu, belə deyil. Suvarma dövründə fermerlər ciddi şəkildə çətinliklərlə üzləşirlər. Bir yandan çaylarda suyun azalması, yarıtmaz su idarəçiliyi, suyun ədalətsiz bölüşdürülməsi məhsuldarlığa da təsir edir: “Əkinə, tikintiyə, meşəsalmaya yararlı torpaq sahələrinin artırılması üçün ekoloji layihələrin həyata keçirilməsi vacibdir. Bakı və Abşeronda bununla bağlı həyata keçirilən iri layihələr təqdirlayiqdir. Məsələn, bir zamanlar neftlə çirklənmiş “Qara şəhər” adlanan ərazi təmizləndi, indi orada yaşayış massivləri, iaşə müəssisələri tikilib, yaşıllıq zolaqları salınıb. SOCAR-ın təşəbbüsü ilə Bakının Xəzər rayonunun Qala qəsəbəsində salınmış “Ekoloji park” uğurlu bir layihədir. Bu park neftlə çirklənmədən təmizlənmiş 9,3 hektar sahədə yaradılıb. Ərazidə elektrik enerjisinə tələbatın 40 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Parkda hər biri 10 kilovat-saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batareyaları quraşdırılıb. Bərpa olunan enerji mənbələrinin hesabına hasil olunan elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.

Parkda, nadir və kökü kəsilməkdə olan kol və ağac bitkiləri çoxaldılır. Anoloji eko park Zirədə də yaradılıb.

Son illər Abşeronda hektarlarla meşə sahələri salınıb. Bu, olduqca vacib layihədir. Son 30 ildə Bakı və Abşeronda, ölkənin müxətlif bölgələrində hektarlarla yaşıılıq sahələri işbazların tamahının güdazına gedib.

Meşə sahələrinin azalması səhralaşmasını sürətləndirir, flora və fauna növlərinin azalmasına səbəb olur. Yeni dövrdə qarşıya qoyulan əsas məqsədlərdən biri də yaşıllıq sahələrinin artırılması olmalıdır. Xüsuilə hava çirkliliyi yaşanan Bakı və Abşeronda yaşıllıq sahələri artırılmalı, göydələnlərin inşası dayandırılmalıdır. Bölgələrdə mebel sənayesinə qurban verilən meşələrə nəzarət gücləndirilməlidir. Əhali arasında torpaqdan, sudan səmərəli istifadə olunması işi təşviq edilməlidir”.

Cavid