Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək Cəmiyyət

Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək

Tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.

Sosial sahəyə aid müəssisələrə sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) daxildir.

Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq, bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.