BŞİH Xəzər rayonunda bərk məişət tullantılarıyla əlaqədar müşavirə keçirib Cəmiyyət

BŞİH Xəzər rayonunda bərk məişət tullantılarıyla əlaqədar müşavirə keçirib

Prezident İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, ilk olaraq Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən nəticələr imkan verib ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulsun.
Bir neçə gün sonra Bakının Xəzər rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub. Bununla əlaqədar Xəzər RİH-də Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 6 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib: “Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin rifah səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizliyi göz oxşayır”.
Müşavirədə Bakı şəhər Mənzi-Kommunal Təsərrüfatı Departamentinin hesabatı dinlənilib, rayonun və ümumilikdə şəhərin sanitar təmizliyi məsələlərində mühüm rol oynayan bu layihənin Xəzər rayonunda da uğurla tətbiqi ilə bağlı, xüsusi olaraq sakinlər arasında maarifləndirmə işlərinə ciddi fikir verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib, xidmətlərin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirilib.
Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Yaxın günlərdə sözügedən layihənin icrasına qoşulacaq Xəzər rayonunda aparılacaq maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.