Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək Cəmiyyət

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu fikirləri VI Yay Düşərgəsində paneldə çıxış edən Xidmətin icraçı direktoru Telman Kərimli deyib.

O qeyd edib ki, hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasının inşası davam etdirilir:

“Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 ədəd 5 mərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Xankəndi xəstəxanasının əmlakı həmin PHŞ-nin balansına verilib. Universitetin Tibb Klinikasının tədris korpusunun təmiri üzrə son tamamlanma işləri aparılır. Bundan başqa ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurulması başa çatdırılıb. Suqovuşan-Sərsəng su anbarı, Qozlukörpü-Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km), Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir. Xankəndi şəhərində 13600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib”.

Telman Kərimlinin sözlərinə görə, Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb.