Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA Cəmiyyət

Məktəblərdə süni intellekt tədris ediləcək? - ARAŞDIRMA

Son illərin mənzərəsinə baxarkən demək mümkündür ki, süni intellekt artıq iqtisadiyyatın, səhiyyənin, təhsilin, sənayenin, bir sözlə əksər sahələrin idarəedilməsinin və bu sahələrin inkişafı istiqamətində müxtəlif konsepsiyaların hazırlanma prosesinin ayrılmaz hissəsisidir. Müxtəlif ixtisaslar üzrə püxtələşən gəncliyin süni intellektin tətbiq edilməsində nə dərəcədə hazırlıqlı olub-olmaması sualı və süni intellektin tətbiqi kontekstində onların bacarıqlarının yeni dünya düzəninə uyğunlaşdırılması müzakirəsi zəruri olan məsələlər sırasındadır.

Bu səbəbdən hələ kiçik yaşlardan süni intellektlə tanışlıq məqsədilə məktəblərdə sözügedən biliklərinin tədrisinə ehtiyac yaranıb.

Mövzu bir neçə istiqamətdə maraq doğurur:

Süni intellektin tədris proqramlarına daxil edilməsi metodlarını müəyyənləşdirmək;

Mövcud beynəlxalq təcrübələrdən istifadə;

Azərbaycanın təhsil sistemində bu istiqamətdə atılacaq mümkün addımlar;

Süni intellektin təhsildə tətbiqi zamanı müəllim amilinin arxa plana keçməsinin qarşısını almaq.

“Kibertəhlükəsizlik modulunun fənn proqramlarına daxil edilməsi əhəmiyyətli addımdır”

Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, texnologiyanın təhsilə gətirdiyi çoxsaylı faydalar danılmazdır: “Bununla yanaşı, süni intellektin sürətlə inkişafı ilə bağlı narahatlıqlar da artır. Xüsusilə, informasiya savaşının reallıqları fonunda informasiya savadlılığı və tənqidi düşüncə əsas bacarıqlara çevrilir. Bu transformasiya dövründə təhsil müəssisələri həm texnoloji yeniliklərə uyğunlaşmağa, həm də rəqəmsal erada aktual qalmağa çalışır.

Azərbaycan 2030 sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərində məktəb yaşından rəqəmsal səriştələrin inkişafı vurğulanır. Bu məqsədlə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və STEAM layihələri şagirdlərə yeni dövrün tələblərinə uyğun bilik və bacarıqlar aşılamağa xidmət edir. Xüsusilə kibertəhlükəsizlik modulunun fənn proqramlarına daxil edilməsi əhəmiyyətli addımdır. Bununla belə, bu layihələrin daha effektiv tətbiqi üçün tədris planlarının yenilənməsi və yeni pedaqoji yanaşmaların tətbiqi vacibdir”.

Süni intellekt müəllim amilini arxa plana keçirəcəkmi?

Mehriban Vəliyeva bildirib ki, süni intellektin təhsildə tətbiqi müəllim amilini arxa plana keçirmir, əksinə, müəllimin strateji və yaradıcı funksiyasını önə çıxarır: “Müəllimlərin bu texnologiyalardan istifadə bacarıqlarının artırılması üçün kurslar təşkil olunur”.

Sürətlə dəyişən çağırışlara bu kurslar yetərlidirmi?

Deputat əlavə edib ki, müəllim hazırlığında süni intellektdən düzgün və etik istifadə məsələləri təlimin əsas komponentinə çevrilməlidir: “Nəsillərarası texnoloji fərq və sosial balans da həll olunmalı problemdir. Gənc nəsil süni intellekt alətlərinə daha tez uyğunlaşır. Lakin bu da yeni çağırış yaradır: nəsillərarası texnoloji bərabərsizliyi necə tənzimləməliyik? Bu fərqlərin aradan qaldırılması üçün müəllimlərə davamlı dəstək mexanizmləri yaradılmalıdır”.

Beynəlxalq təcrübə süni intellektin tədrisə tətbiqi ilə bağlı nələri sərgiləyir?

Çin, ABŞ, Sinqapur və Finlandiya kimi ölkələrdə fərdiləşdirilmiş tədris, davranış analizləri və idarəetmə proseslərində süni intellektin istifadəsi geniş yayılıb.

Carnegie Learning (ABŞ) – şagirdin cavablarını təhlil edərək fərdi tapşırıqlar təqdim edir;

Squirrel AI (Çin) – şagird davranışını və zəif tərəflərini analiz edir;

Sinqapur və Cənubi Koreya – müəllim yükünün azaldılması və idarəetmədə dəstək üçün süni intellekt sistemlərindən istifadə edir.

Azərbaycanda süni intellektin təhsildə tətbiqi ilkin mərhələdədir. Elektron jurnal və qiymətləndirmə sistemləri avtomatlaşdırmanı təmin etsə də, dərs strukturuna və pedaqoji yanaşmalara hələ dərin inteqrasiya olunmayıb. "Təhsil haqqında" Qanunda süni intellektlə bağlı konkret mexanizm və hüquqi baza mövcud deyil. Bu isə texniki, hüquqi və etik riskləri artırır.

Müəllimlərin texnoloji bacarıqlarının artırılması, hüquqi çərçivənin formalaşdırılması, texnoloji infrastrukturun bölgələr üzrə bərabərləşdirilməsi, etik və milli dəyərlər əsaslı tənzimləmə mexanizmlərinin hazırlanması süni intellektin təhsildə uğurlu tətbiqi üçün vacib amillərdir.

Süni intellekt və kibertəhlükəsizliyə məktəblərdə ciddi yer verilməlidir

İnformatika müəllimi Yadigar Əliyev bildirir ki, orta məktəb dərsliklərində bu sahənin ciddi şəkildə tədrisinə fikir vermək lazımdır: “Artıq informatika fənni ilə yanaşı, məktəblərdə süni intellekt və kibertəhlükəsizlik kimi mövzulara da ciddi yer verilməlidir. Dərsliklərdə bu sahələrlə bağlı az da olsa məlumatlar var, lakin daha ciddi şəkildə fokuslanmaq lazımdır. Çünki texnologiya o qədər sürətlə inkişaf edir ki, gənc nəsil təkcə istifadəçi kimi yox, həm də bu sahədə baş verənləri anlayan və düzgün yön ala bilən bir səviyyədə yetişməlidir.

Kibertəhlükəsizlik məsələləri də çox önəmlidir. Kibertəhlükəsizlik məktəblərdə ona görə tədris olunmalıdır ki, şagirdlər rəqəmsal aləmdə özlərini və məlumatlarını necə qorumalı olduqlarını öyrənsinlər. İnternetdə hər gün minlərlə fırıldaqçılıq, məlumat oğurluğu və s. kimi hadisələr baş verir. Uşaqlar erkən yaşdan bu riskləri tanımalı, güclü şifrə yaratmaq, şəxsi məlumatları paylaşmamaq, naməlum linklərə klikləməmək kimi əsas qaydaları bilməlidirlər. Bu həm onların şəxsi təhlükəsizliyi, həm də gələcəkdə məsuliyyətli və savadlı internet istifadəçisi kimi formalaşmaları üçün vacibdir”.

İnformatika müəllimi tədris aparanların əksəriyyətinin süni intellektlə bağlı hələ kifayət qədər hazırlıqlı olmadığını vurğulayıb: “Dərsliklərdə süni intellekt və kibertəhlükəsizliklə bağlı mövzular, ilkin anlayışlar var, lakin bu sahədə tədrisin effektivliyi müəllimlərin bilik və hazırlıq səviyyəsindən asılıdır. Təəssüf ki, bu istiqamətdə tədris aparanların əksəriyyəti hələ kifayət qədər hazırlıqlı deyil. Ona görə də ixtisaslı təlimçilərə, müəllimlərin peşəkar inkişafına yönəlmiş proqramlara ciddi ehtiyac var. Eyni zamanda, məktəb daxilində şagird və müəllimlər üçün maarifləndirici tədbirlər, seminarlar keçirilməli, mövzuya olan yanaşma praktik və gündəlik həyatda faydalı olacaq formada qurulmalıdır”.

Süni intellekt və kiberdələduzluğun məktəb proqramına daxil edilməsi necə mümkündür?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, süni intellekt və kiberdələduzluq mövzuları 2025-ci ilin sentyabrından məktəb proqramına daxil edilsə, bu, təhsil sisteminin texnoloji transformasiyaya adaptasiyası baxımından mühüm mərhələ olar. Bu qərarın arxasında dayanacaq motivasiyalar yalnız informasiyanın istifadəsi və texnologiyaya maraq yaratmaq deyil, həm də şagirdlərin rəqəmsal təhlükələrə qarşı maarifləndirilməsi, texnoloji mühitdə hüquqi və etik davranış bacarıqlarının inkişaf etdirilməsi olmalıdır.

“Təhsil haqqında” Qanununda müasir biliklərin önəmi və cari vəziyyət

“Təhsil haqqında” Qanunun 18-ci maddəsinə əsasən, ümumi təhsil pilləsində şagirdlərə elmi-texniki və informasiya bilikləri aşılanmalı, yaradıcılıq, tənqidi düşüncə və sosial adaptasiya bacarıqları formalaşdırılmalıdır. Lakin hazırda informatika fənni bu hədəflərin yalnız cüzi hissəsini əhatə edir. İnformatika dərslərində əsasən texniki biliklər, proqram interfeysi və alqoritmik məntiq öyrədilir, halbuki müasir informasiya cəmiyyəti daha kompleks bacarıqlar tələb edir. 2023-cü ildə Kibertəhlükəsizlik Şəbəkəsinin hesabatına görə, dünyada hər 11 saniyədə bir kiberdələduzluq hadisəsi baş verir və bu hadisələrin 25%-də hədəf yeniyetmələr olur. Azərbaycanda qeyri-rəsmi məlumatlara əsasən, hər il yüzlərlə məktəbli sosial mühəndislik texnikaları ilə aldadılaraq zərərli linklərə daxil olur və şəxsi məlumatlarını paylaşır. Bu, texnoloji, pedaqoji və psixoloji məsələdir və təhsil sistemi bu çağırışlara cavab verməlidir”, - ekspert vurğulayıb.

Müəllim hazırlığı və tədris resurslarının çatışmazlığı

Kamran Əsədov qeyd edib ki, hazırda müəllimlərin çoxu bu mövzuları tədris etmək üçün zəruri səriştələrə malik deyil: “Təlim və metodik təminat olmadan bu sahələrin proqramlara daxil olunması yalnız formal islahat kimi qalacaq. Süni intellekt və kiberdələduzluq sahələrinin tədrisi üçün İKT biliyi ilə yanaşı, hüquqi və etik biliklər də tələb olunur. Mütəxəssis çatışmazlığı və dərslik resurslarının yoxluğu uğura mane ola bilər.

Azərbaycan regionda innovativ tədris sahələrinin tətbiqində önə çıxa bilər. Lakin bu yalnız normativ aktlarla deyil, real mexanizmlərlə mümkün olacaq. Tədris proqramı dəyişdikcə müəllim hazırlığı proqramları da paralel qurulmalıdır. Ali məktəblərdə müəllim hazırlığına süni intellekt pedaqogikası, rəqəmsal hüquqlar və onlayn təhlükəsizlik modulları əlavə olunmalıdır”.

Kamran Əsədov əlavə edib ki, məktəb proqramına bu fənlər əlavə olunsa, tədris sistemi zənginləşəcək və şagirdlər XXI əsrin bacarıqlarına hazırlanacaq: “Şagirdlər informasiyanı passiv istehlakçı yox, onun mahiyyətini və təhlükələrini anlayan vətəndaş kimi yetişəcək. Bu həm əmək bazarında rəqabət qabiliyyətini artıracaq, həm də texnoloji biliklərin strateji mənimsənilməsini təmin edəcək.

Kurikulum yanaşması, müəllim hazırlığı, təlim resursları, qiymətləndirmə modelləri və pedaqoji strategiyalar tam uyğunlaşdırılmalıdır. Əks halda, mövzular yalnız “modern səslənən” terminlər kimi qalacaq və real dəyişiklik yaratmayacaq”.

Rəqəmsal təhlükəsizlik mövzularının məktəblərdə tədrisi olduqca vacib və strateji bir addım olar

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov deyib ki, gələn tədris ilindən informatika fənni ilə yanaşı, süni intellekt, kiberdələduzluq və digər rəqəmsal təhlükəsizlik mövzularının məktəblərdə tədrisi olduqca vacib və strateji bir addım olar: “Çünki biz artıq rəqəmsal cəmiyyətə daxil olmuşuq və bu prosesin ən həssas iştirakçıları da məhz məktəblilərdir. Onların bu mühitdə şüurlu, təhlükəsiz və yaradıcılıqla hərəkət etməsi gələcəyimizin texnoloji dayanıqlığını müəyyən edir.

Süni intellekt artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib — süni intellekt əsaslı axtarış sistemlərindən tutmuş, təhsil, səhiyyə və maliyyə sahəsində tətbiqlərə qədər. Bu texnologiyanın təməllərini erkən yaşlarda başa düşmək, gələcəyin mühəndislərini, proqramçılarını və texnoloji liderlərini formalaşdırmaq üçün həlledici rol oynayacaq. Şagirdlər təkcə süni intellektdən istifadə etməyi deyil, həm də onun etik, hüquqi və texniki çərçivələrini öyrənməlidirlər.

Kiberdələduzluq isə rəqəmsal təhlükələrin ən real təzahürüdür və bu istiqamətdə maarifləndirmə artıq məktəb səviyyəsində başlamalıdır. Şagirdlərə kibertəhlükələrin hansı formada yarandığı, fişinq hücumları, sosial mühəndislik və şəxsi məlumatların qorunması prinsipləri barədə əsas biliklər ötürülməlidir. Bu, təkcə fərdi təhlükəsizlik baxımından deyil, ümumi milli kibertəhlükəsizlik mədəniyyətinin formalaşması üçün də vacibdir.

Belə dərslərin tədrisi şagirdlərdə tənqidi düşünmə, texnologiyaya məsuliyyətlə yanaşma və rəqəmsal savadlılıq vərdişlərini artıracaq. Əgər bu sahələrə erkən yaşdan maraq və başa düşmə qabiliyyəti yaradılarsa, gələcəkdə texnologiyanı yalnız istifadə edən deyil, onu yaradan bir nəsil yetişdirə bilərik”.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, informatika fənni üzrə təhsil proqramının müvafiq məzmun xətlərinə əsasən, təhsilalanlar informasiya cəmiyyəti və informasiya mədəniyyəti anlayışlarının mahiyyətini, kibertəhlükəsizlik problemlərini və fərdi məlumatların qorunması yollarını öyrənir, süni intellekt və onun tətbiq sahələrini tanıyır: “Bununla yanaşı, həmin fənnin tədrisi zamanı təhsilalanlar haker hücumlarının məqsədlərini öyrənir, kibercinayətkarlıq və haker hücumlarının qarşısının alınma yollarını mənimsəyir. Bu səbəbdən də ümumi təhsil müəssisələrində ayrıca fənnin tədrisinə ehtiyac duyulmur”.