“Ətraf mühit üçün faydalı olan texnika və texnologiyalardan istifadə edilmir” Cəmiyyət

“Ətraf mühit üçün faydalı olan texnika və texnologiyalardan istifadə edilmir”

“Ölkədə ətraf mühitə ziyanı olmayan, təbiətə dost texnologiyalardan istifadə edilir. Tükənməyən enerji mənbələrindən istifadənin, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, yeni meşə massivlərinin salınması, bərpaolunan enerji və meşə sahələrinin mühafizəsi sahəsində müəyyən işlər görülüb. Ancaq apardığım monitorinqlər zamanı meşələrin mühafizəsi, yeni əkinlərin salınması kimi həyata keçirilən genişmiqyaslı işlərdə yeni ətraf mühit üçün faydalı olan texnika və texnologiyalardan istifadə edilmir. Meşələrin mühafizəsi üçün yeni texnika və texnologiyalardan istifadə olunmalıdır. Məsələn, pilotsuz uçuş aparatları (PUA), süni intellekt (AI) tətbiq olunmalı, dronlardan istifadə edilməlidir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Eko-Aləm” İctimai Birliyinin sədri, ekoloq Sevil Yüzbaşeva deyib.

O əlavə edib ki, insansız hava aparatları (İHA) real vaxt rejimində meşə ehtiyatlarının vəziyyəti haqqında müasir məlumatları təqdim edir: “Onlar zədələnmiş və ölü ağacları, həmçinin xəstəliklər və ya zərərvericilərdən təsirlənən əraziləri tez aşkar etməyə kömək edir. Bu, meşə ehtiyatlarının qorunması üçün vaxtında tədbirlərin görülməsinə kömək edir. Meşələrin monitorinqi və eləcə də ağac inventar sistemlərinə, qanunsuz ağac kəsilməsinə nəzarət etmək üçün peyk görüntülərindən də istifadə edilməlidir”.

S.Yüzbaşevanın sözlərinə görə, meşə yanğınları ilə mübarizə texnologiyaları kimi də bu yeniliklərdən həm yanğının erkən aşkarlanması, həm də yanğının söndürülməsi sistemləri üçün tətbiq edilməlidir: “Robotlardan istifadə böyük fayda verər, xüsusən yanğınlar zamanı. Meşələrin mühafizəsi üçün pilotsuz təyyarələr və peyklər: yeni monitorinq texnologiyaları olduqca vacibdir. Bu texnologiyalar meşə sahələrinin monitorinqini aparmağa, qeyri-qanuni ağac kəsilməsini, yanğınları və meşələr üçün həyata keçirilən digər mühüm fəaliyyətlərdə olduqca effektlidir. Hətta bu yaxınlarda yaponların dronlarla ağacəkmə videosu sosial şəbəkələrdə yayımlanıb. Olduqca maraqlı və effekt verən bir işdir. Belə yeniliklər tətbiq olunmalıdır”.

Röya İsrafilova