Metropolitendə rəhbər vəzifəyə yeni təyin edilmiş daha bir şəxs işdən çıxıb Cəmiyyət

Metropolitendə rəhbər vəzifəyə yeni təyin edilmiş daha bir şəxs işdən çıxıb

"Bakı Metropoliteni” QSC-nin şöbə rəisi işdən çıxıb.

“APA-Economics”in əldə etdiyi məlumata görə, “Bakı Metropoliteni”nin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra R.Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi vəzifəsinə təyin olunub.

R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, bu ilin avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.

Əlavə olaraq deyək ki, “Bakı Metropoliteni”ndə son dövrlər işçilərə əmək haqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əmək haqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.