

Azərbaycanın itkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıqda təcrübəsi bizim üçün nümunədir.
Bunu Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Azərbaycan etibarlı beynəlxalq tərəfdaşdır. Bu ölkə ən çətin anlarda belə, innovasiya və dözümlülüklə bütün məsələlərin öhdəsindən gəlməyə çalışır. Bakı dialoq və dayanıqlılıq şəhəridir. Azərbaycanın itkin düşmüş şəxslərlə əlaqədar beynəlxalq əməkdaşlıqda ortaya qoyduğu işlər bizim üçün nümunədir” , -Ana Birçal qeyd edib.
O, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üçün əsas şərtlərə də toxunub.
“Bizim problemimiz budur ki, itkin düşmüş şəxslərlə bağlı hüquq sistemlərimiz və məlumatlarımız natamamdır. Beynəlxalq əməkdaşlı vacibdir və burada bir sıra əsas məqamlar var. İlk növbədə, ölkələr arasında etibar və şəffaflıq olmalıdır. Ölkələrin bir-birinə ötürdüyü məlumatlar şübhə doğurmamalıdır. İkincisi təşkilatlandırılmış və müəyyən hüquqi çərçivəyə malik əməkdaşlıq mövcud olmalıdır. Bu sahədə ölkələrarası tərəfdaşlıq üçün hüquqi sistem qurulmalıdır. Üçüncüsü, texnoloji transferlərdir. Qalıqların identifikasiya olunmasında texnoloji imkanların bölüşülməsi müstəsna əhəmiyyət daşıyır. Dördüncüsü isə, hüquqi harmonizasiyadır. İtkin düşmüş şəxslərin ailələri harada olmalarından asılı olmayaraq, müdafiə olunmalıdır”, - Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri vurğulayıb.