“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib Cəmiyyət

“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib.

APA xəbər verir ki, iclasda çıxış edən ombudsman Səbinə Əliyeva psixi sağlamlıq hüququnun insanın tibbi yardım almaq, stiqma və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv mühitdə yaşamaq imkanlarını özündə birləşdirdiyini qeyd edib. Müvəkkil vurğulayıb ki, beynəlxalq sənədlərdə psixi sağlamlıq hüququ anlayışı geniş yer alır və bu istiqamətdə beynəlxalq prinsiplərdən istifadə etməklə ölkəmizdə hüquqi bazanın və praktiki mexanizmlərin təkmilləşdirilməsi zəruridir. S.Əliyeva Ombudsman təsisatının psixi sağlamlıq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib, xüsusilə Qarabağ müharibəsinin ağır nəticələrini yaşayan insanlara göstərilən yardım haqqında danışıb.

Tədbirdə iştirak edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda psixi sağlamlıq sahəsinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib, bu sahədəki mövcud problemlər və onların həlli yollarından danışıb. Qeyd edib ki, psixi xəstəlikləri olan insanlara peşəkarlar tərəfindən yüksək səviyyədə xidmət göstərilməlidir. Lakin problemlər yalnız psixiatrların gücü ilə aradan qalxa bilməz.
"Elə bir kliniki istiqamət yoxdur ki, onun nəticələri və problemləri bu qədər bilavasitə cəmiyyətə təsir göstərsin. Psixi sağlamlıq həm cəmiyyətin vəziyyətindən asılıdır, həm də cəmiyyətin münasibəti psixi sağlamlığa təsir edir. Ona görə də digər tibbi sahələrin problemlərini mütəxəssislər özləri həll edə bildiyi halda, psixiatriyanın problemləri yalnız psixiatrların gücü ilə aradan qalxa bilməz. Burada mütləq cəmiyyətin rolu, ictimai münasibətin dəstəyi vacibdir. Üstəlik, burada söhbət yalnız psixi xəstələrin hüquqlarından getmir. Biz bütün cəmiyyətin, xüsusən də sağlamlığın psixoloji tərəflərinə diqqət yetirməliyik".

G.Gəraybəyli son illərdə dövlət sektorunda çalışan psixiatrların sayının azaldığını da bildirib: “Təxminən 7-8 il, bəlkə də 10 il əvvəl dövlət sektorunda çalışan psixiatrların sayı 800-dən çox idi. Lakin ötən illər ərzində əhalinin və xəstəliklərin artmasına baxmayaraq, bu rəqəm hazırda 200-dən aşağı düşüb. Düzdür, deyilə bilər ki, özəl strukturlar fəaliyyət göstərir. Ancaq hazırda insan hüquqlarının pozulması halları daha çox cəzaçəkmə müəssisələrində – yəni qapalı yerlərdə müşahidə olunur. Bu isə onu göstərir ki, insan hüquqlarının, o cümlədən xəstələrin hüquqlarının təmin olunması təkcə psixiatrların və bu sahədə çalışan mütəxəssislərin üzərindədir”.

Professor G. Gəraybəli bildirib ki, psixiatriya sahəsinə həkimlər, tibb bacıları və digər ixtisaslı kadrlar gəlməsə, qarşıdakı dövrdə pasiyentlərə xidmət göstərəcək, onlara qulluq edəcək mütəxəssislər tapılmayacaq. Digər tərəfdən, unutmaq olmaz ki, hər bir psixi problem ətrafında aqressiya, autoaqressiya, narkomaniya və digər sosial problemlər formalaşır. Vaxtilə bu sahədə verilmiş bəzi qərarlar və ya atılmış siyasi addımların populist xarakterli olduğunu və problemin dərinləşməsinə səbəb olduğunu vurğulayan G.Gəraybəyli cəmiyyət olaraq bu problemi yetərincə ciddi qəbul edilməsinin önəmli olduğunu bildirib.

İclasda cəmiyyətin maarifləndirilməsi, stiqma və stereotiplərin aradan qaldırılması, tibbi xidmətə əlçatanlığın artırılması, eləcə də psixi sağlamlıq sistemində mövcud problemlərin həlli üzrə təklif və tövsiyələr səsləndirilib. Qeyd olunub ki, “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup bu istiqamətdə mütəxəssisləri bir araya gətirməklə, psixi sağlamlıq problemlərinin həlli, dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi və səmərəli fəaliyyətin təmin edilməsi baxımından mühüm platforma rolunu oynayacaq.