Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır Cəmiyyət

Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır

Yüzlərlə gənc qıza təhsildə dəstək olmaq və qadınların təhsilinin nə qədər önəmli olduğunu bir daha vurğulamaq lazımdır.

APA xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.

O bildirib ki, hələ də qadınların və qızların təhsili ilə bağlı görüləsi və həll edilməli bir çox məsələlər var: “Biz hələ bu yolun başlanğıcındayıq. Əhalinin təxminən yarısı qadınlardır və bu yarısını kənarda qoymaq, təhsilin yarısını kənarda qoymaq deməkdir. Aparılan araşdırmalar göstərir ki, ali təhsil almış anaların həm oxu, həm də bilik bacarıqları daha yüksək olur və onların övladlarının da savadlı olma ehtimalı artır”.

Nazir qeyd edib ki, dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur: "Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır”, - deyə o vurğulayıb.