Azərbaycanda könüllü qan verən donorların sayı artıb Cəmiyyət

Azərbaycanda könüllü qan verən donorların sayı artıb

Bu ilin ilk 9 ayı ərzində Respublika Qan Bankında və onun regional bölmələrində təxminən 100 min nəfər könüllü şəkildə qan verərək donor olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verib.

Ötən ilin eyni dövründə donorların sayı təxminən 93 min nəfər təşkil edib.

Qan və onun komponentlərinə olan tələbat tam təmin edilib

Bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika Qan Bankına (mərkəz və 8 regional bölmə daxil olmaqla) ötən il ərzində ümumilikdə 126 234 nəfər müraciət edib. Onlardan 124 148 nəfər qan donoru olub.

Hesabat dövründə tibb müəssisələri tərəfindən qan və qan komponentlərinə dair bütün müraciətlər təmin edilib, tələb olunan miqdarda qan və qan komponentlərinin buraxılışı həyata keçirilib.

Maarifləndirmə tədbirləri qan donorluğuna marağı artırır

Son illərdə tibbi xidmətlərin həcminin artması qan və onun komponentlərinə tələbatı da yüksəldib. Qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Media və kommunukasiya şöbəsinin dəstəyi ilə aparılan təbliğat-təşviqat tədbirləri nəticəsində ölkəmizdə qan donorluğuna maraq artmaqdadır.

Qeyd edilib ki, Respublika Qan Bankı tərəfindən qan ehtiyatlarının qorunması və artırılması məqsədilə mütəmadi qanvermə aksiyaları keçirilir, könüllü donorların iştirakı ilə ehtiyatlar daim yenilənir. Əsas məqsəd – ölkə üzrə bütün qan qruplarından olan resipiyentlərin qan və onun komponentləri ilə vaxtında və etibarlı şəkildə təmin edilməsidir.