Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb Cəmiyyət

Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb

Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib ki, uşaqlar, pensiyaçılar, əlilliyi olanlar, əmək qabiliyyəti olmayan şəxslər, o cümlədən işsizlər dövlət tərəfindən icbari tibbi sığorta olunacaq.

Nazir qeyd eidb ki, növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb: "Bu, təqribən 7,3-7,5 milyon insanın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinin uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i tibbi sığorta ilə tam şəkildə əhatə olunacaq. Kimlər əhatə dairəsindən kənarda qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalır. Söhbət qeyri-formal məşğul şəxslərdən gedir. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortalarını özləri ödəyəcək. Bəs belələri necə müəyyən ediləcək? Xüsusi qaydalar olacaq, belələrinin müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir dəfə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti, güzəştli və müsbət bir addımdır”.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər. Həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər. Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.