Məktəblərdə istilik təchizatı ilə bağlı görülən işlər açıqlanıb Cəmiyyət

Məktəblərdə istilik təchizatı ilə bağlı görülən işlər açıqlanıb

2025–2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər aparılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.

Alternativ yanacaq təminatı çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçün zəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsil müəssisəsi üçün isə pellet yanacağı təmin edilib.

Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün regional təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaq mümkündür.

Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlı mümkün problemlərin, eyni zamanda fövqəladə halların aradan qaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar.

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.