I Qarabağ müharibəsində itkin düşən şəxslərdən 500-nün qalıqları aşkarlanıb Cəmiyyət

I Qarabağ müharibəsində itkin düşən şəxslərdən 500-nün qalıqları aşkarlanıb

"Bu il Qarabağda insana aid 50-ə yaxın sklet qalıqları aşkarlanıb və ailələrinə təhvil verilib".

Bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun məhkəmə arxeologiyasının şöbə müdiri Akif Quliyev bildirib.

“Ümumilikdə 4 minə yaxın itkinimiz var. Onlardan 500 nəfərə yaxını aşkar edilib və laboratoriyaya göndərilib”, - Akif Quliyev qeyd edib.

O bildirib ki, bu il Kəlbəcər, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Ağdam və s. ərazilərdə tədqiqat işləri aparılıb: “Əsasən şahid ifadələri ilə bağlı bu ərazilərdə tədqiqat aparmışıq. Tədqiqat zamanı sklet qalıqları ilə yanaşı, bütöv skletlər də aşkarlanıb”.

O bildirib ki, şöbə tərəfindən Tərtər, Beyləqan, Gəncə məzarlıqlarında naməlum qəbirlərin ekshumasiyası həyata keçirilib: “Bundan başqa, Bakının Şəhidlər xiyabanında da həmin qəbirlərdən DNT analizləri üçün qalıqlar götürülüb. DNT müsbət nəticələndikdən sonra həmin qalıqlar ekshumasiya edildi və ailələrinə təhvil verildi”.

Şöbə müdiri bildirib ki, 2025-ci il üçün tədqiqat işləri yekunlaşıb: “2026-cı ildən müvafiq qurumlarla birgə tədqiqat işlərini davam etdirəcəyik”.