13:43
721
“Azərbaycanda kifayət qədər su anbarları var. Yağış və qar suları o anbarlara yığılır, quraqlıq vaxtlarında suvarmada və içməli su sektorunda istifadə olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında su məsələləri üzrə ekspert Rövşən Abbasov söyləyib.
R.Abbasov Azərbaycanın ən böyük su anbarlarından Mingəçevir su anbarını misal göstərib: “Kür çayının yaz vaxtında artan suları bu su anbarında yığılır, Qarabağ və Şirvan kanalları vasitəsilə Şirvan, Qarabağ, Mil və Muğan düzlərində suvarmaya sərf edilir. Bizdə bu su anbarları ötən əsrin 50-ci illərində tikilməyə başlayıb. Elə ən böyük anbarımız olan Mingəçevir su anbarı faktiki olaraq 1953-cü ildə istifadəyə verilib. Araz və Kür çayları üzərində çoxsaylı su anbarlarımız var. Bu su anbarlarının Azərbaycanda suvarma əkinçiliyində əhəmiyyəti çox böyükdür. Kiçik su anbarlarına gəlincə, Azərbaycan Prezidentinin əmri ilə Azərbaycanın dağ regionlarında 10 yeni kiçik su anbarının tikintisi gözlənilir. Bu su anbarları kiçik dağ çayları üzərində olacaq və o da yerli lokal miqyasda suvarma işlərinin aparılmasına, su qıtlığının azaldılmasına töhfə verəcək”.
Röya İsrafilova