MM-də amnistiya ilə bağlı qərar layihəsinin müzakirəyə çıxarılacağı tarix məlum olub
Sumqayıt Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
“5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” təlimi keçiriləcək
15:18
756
“Türkiyənin təcrübəsi göstərir ki, yağış və qar sularının barajlarda toplanması su qıtlığının qarşısının alınmasında son dərəcə effektiv mexanizmdir. Bu model həm içməli su təminatında, həm kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsində, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev söyləyib.
Deputat bildirib ki, Azərbaycanda da su ehtiyatlarının azalması artıq real və ciddi problemdir: “Xüsusilə iqlim dəyişiklikləri fonunda çayların sululuğunun azalması, yeraltı suların səviyyəsinin düşməsi bu məsələyə daha strateji yanaşmanı zəruri edir. Bu baxımdan dağ və dağətəyi rayonlarda – o cümlədən Yardımlı, Gədəbəy, Lerik, Daşkəsən kimi ərazilərdə yağış və qar sularının yığılması üçün kiçik və orta ölçülü su anbarlarının, bəndlərin yaradılması tam mümkündür və məqsədəuyğundur”.
R.Nurullayevin sözlərinə görə, hazırda Azərbaycanda bu istiqamətdə müəyyən layihələr mövcuddur, lakin etiraf etməliyik ki, görülən işlər problemin miqyası ilə müqayisədə yetərli deyil: “Daha sistemli, uzunmüddətli və elmi əsaslara söykənən dövlət proqramlarına ehtiyac var. Su ehtiyatlarının idarə olunması yalnız texniki məsələ deyil, bu, həm də milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı məsələsidir”.
O hesab edir ki, Türkiyə və digər ölkələrin uğurlu təcrübəsi öyrənilməli, yerli coğrafi və iqlim şəraitinə uyğunlaşdırılaraq tətbiq edilməlidir: “Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan dağ rayonlarında bu cür layihələr həm su qıtlığını azaldar, həm də əhalinin yerlərdə məşğulluğunu və yaşayış imkanlarını gücləndirər. Bu məsələ dövlətin diqqət mərkəzində olmalı və gələcək illər üçün prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməlidir”.
Röya İsrafilova