Bakı meriyası və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub Cəmiyyət

Bakı meriyası və “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlığın 5 illiyi qeyd olunub

​Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyi münasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

​Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirak ediblər. Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuş tədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlər müzakirə edilib.

​Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab Prezidentin çoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurlu əməkdaşlıqda da özünü göstərir. Bundan başqa tədbir iştirakçıları cənab Prezidenti fürsətdən istəfadə edib doğum günü münasibətilə təbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətin gücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə görülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.

Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilən Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtın daha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir və gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

​Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtda ictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması, abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyən olunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarla koordinasiyalı işlər görülüb.

​Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayış massivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyata keçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturunun yaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıq sahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb və icrası təmin olunub.

​Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyən edilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.

Cavid