13:08
735
Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur.
APA-nın xəbərinə görə, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Səhyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edib.
Rəşad Mahmudov deyib ki, bir həkimin, mühəndisin və ya xüsusi texniki bilik tələb edən mütəxəssisin hazırlanması illər, bəzən onilliklər tələb edir: “Bu cür kadrların uzun müddət peşə fəaliyyətindən tam ayrılması nə dövlət üçün səmərəlidir, nə də xidmətin mahiyyətinə uyğundur. Təklif etdiyim yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, hərbi xidmət anlayışı peşədən uzaqlaşma yox, peşə üzərindən xidmət formasına çevrilsin. Yəni həkim orduda həkim kimi, texniki mütəxəssis öz ixtisası üzrə, dövlətə real fayda verərək xidmət etsin. Bu model beynəlxalq praktikaya tam uyğundur. Qardaş Türkiyə başda olmaqla bir sıra ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkil olunur. Bu, nə güzəşt, nə də istisnadır – bu, ağıllı dövlət idarəçiliyidir. Təəssüf ki, son illər tibbi təhsili başa vuran gənclərin müəyyən hissəsinin ölkədən kənarda qalmağa üstünlük verməsinin şahidi oluruq. Bunun səbəbləri müxtəlifdir, amma etiraf etməliyik ki, uzun və peşədən tam ayıran hərbi mükəlləfiyyət də bu qərarlara təsir edən amillərdən biridir”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, spiker tapşırıq verərsə, bu məsələni aidiyyəti qurumlarla müzakirə edərlər.
14:50
112
14:49
196
14:49
147