834 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib Cəmiyyət

834 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

2025-ci il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub.

Bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.

Qeyd edilib ki, 5167 müraciətin ekspertizası həyata keçirilib: "866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir".

Hesabatda xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı qeyd edilib:

Türkiyə Respublikası (1720),

Rusiya Federasiyası (1323),

Ukrayna (870),

Birləşmiş Krallıq (240),

Gürcüstan (200)

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (130),

İstanbul Universiteti (125),

Xarkov Milli Daxili İşlər Universiteti (93),

Ukrayna Milli Mülki Müdafiə Universiteti (83),

Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti (73)

Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:

Hüquqşünaslıq,

Biznesin idarə edilməsi,

İqtisadiyyat,

Maliyyə,

Tibb.