Dünyanın ən bahalı brendlərinin reytinqi açıqlandı Cəmiyyət

Dünyanın ən bahalı brendlərinin reytinqi açıqlandı

“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin reytinqini açıqlayıb.

Reytinqə “Apple” şirkəti başçılıq edib.

Hesablamalara görə, texnoloji nəhəngin brend dəyəri 607,6 milyard dollar təşkil edib. Şirkətin açıqlamasında bildirilib ki, “Apple”ın dəyəri 6% artıb.

“Microsoft” şirkəti 565,2 milyard dollar göstərici ilə siyahıda ikinci yeri tutub. Üçüncü pillədə isə 433,1 milyard dollar dəyərlə “Google” qərarlaşıb.

İlk üçlükdən sonra 369,9 milyard dollar göstərici ilə “Amazon” yer alıb. Beşliyi 184,3 milyard dollarla “Nvidia” tamamlayıb. Şirkət dəyəri demək olar ki, iki dəfə artan “TikTok”, eləcə də “Walmart”, “Samsung” və “Facebook”u geridə qoyub. Qeyd edək ki, “Nvidia” ötən il reytinqdə yalnız doqquzuncu idi.

Analitiklər “YouTube”u dünyanın ən güclü brendi, Çinin “WeChat” platformasını isə ikinci ən güclü brend kimi qiymətləndiriblər. “Microsoft” brend gücünə görə “Google” və “LEGO”nu da geridə qoyaraq üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, ən dəyərli brendlərin yarıdan çoxu ABŞ-nin payına düşür. Siyahının 15%-i Çindən, 5,6%-i isə Almaniyadan olan şirkətlərdir.