“Tarixi Qəhrəmanlardan Öyrənək” layihəsi çərçivəsində vətənpərvərlik tədbiri keçirilib -FOTOLAR Cəmiyyət

“Tarixi Qəhrəmanlardan Öyrənək” layihəsi çərçivəsində vətənpərvərlik tədbiri keçirilib -FOTOLAR

17–18 fevral 2026-cı il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Tarixi Qəhrəmanlardan Öyrənək” adlı vətənpərvərlik mövzusunda tədbir təşkil olunub. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbirin əsas məqsədi müasir Azərbaycan gəncləri arasında vətənpərvərlik anlayışının möhkəmləndirilməsi, Vətən müharibəsi qəhrəmanlarının həyat və döyüş yolunun gənclərə çatdırılması, eləcə də qazilərin real təcrübələri əsasında milli şüurun və vətəndaş məsuliyyətinin artırılması olub.

Tədbiri giriş sözü ilə layihənin moderatoru Vüsalə Hümbətli açaraq bildirib ki, bu cür görüşlər gənclərlə qəhrəmanlar arasında canlı ünsiyyət platforması yaradır və gənclərin tarixə və milli dəyərlərə bağlılığını gücləndirir.

Layihə rəhbəri Zaminə Məmmədova çıxışında qeyd edib ki, Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, bu Zəfərin memarlarının – qəhrəman döyüşçülərin həyat yolu haqqında gənclər arasında daha dolğun məlumatlandırmaya ehtiyac var. O vurğulayıb ki, “Tarixi Qəhrəmanlardan Öyrənək” layihəsi keçmişi sadəcə xatırlamaq deyil, bu günün qəhrəmanlarından öyrənmək, onların iradəsini, əzmini və vətən sevgisini gənc nəslə aşılamaq məqsədi daşıyır. Layihə rəhbəri əlavə edib ki, qazilərin nümunəvi həyat yolu gənclər üçün həm mənəvi motivasiya, həm də milli kimliyin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi, Qarabağ ordenli Vüsal Həsənov gənclərlə döyüş yolundan bəhs edib. O bildirib ki, vətənpərvərlik təkcə silah tutmaq deyil, hər bir sahədə – təhsildə, elmdə, peşə fəaliyyətində – ölkəyə layiqli xidmət göstərməkdir. Qazi gəncləri daim öz üzərində çalışmağa, güclü və savadlı vətəndaş kimi formalaşmağa çağırıb və qeyd edib ki, Vətən uğrunda mübarizə ruhu bu gün də hər bir azərbaycanlının qəlbində yaşamalıdır.

Digər çıxış edən qazi Ümid Məmmədov isə vurğulayıb ki, müharibədə əldə olunan qələbə xalqın birliyi və gənclərin vətənə bağlılığı sayəsində mümkün olub. O, tələbələrə səslənərək bildirib ki, bugünkü uğurların davamlı olması üçün gənclər tarixini bilməli, milli dəyərlərə sahib çıxmalı və daim dövlətinə dəstək olmalıdır.

Tədbir çərçivəsində tələbələrlə qazilər arasında açıq dialoq aparılıb, suallar cavablandırılıb və xatirə şəkilləri çəkdirilib. Layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclərin vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə verib.

“Tarixi Qəhrəmanlardan Öyrənək” layihəsi real qəhrəmanlarla gənclər arasında körpü quraraq, onların fəal, məsuliyyətli və vətənə xidmət edən vətəndaş kimi yetişməsinə xidmət edir.