Bakıda Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb Cəmiyyət

Bakıda Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb

Bakıda bir sıra ictimai təşkilatlar arasında Assosiativ Əməkdaşlıq Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, memorandum “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Turizm Peşəkarları Assosiasiyası arasında bağlanıb.

Tədbir çərçivəsində “Sağlam nəsil, güclü Vətən, davamlı inkişaf naminə Azərbaycan üçün birlik, dünya üçün əməkdaşlıq!” platformasının yaradıldığı da rəsmi şəkildə elan olunub.

Memorandumun əsas məqsədi sosial-iqtisadi inkişaf təşəbbüslərinin dəstəklənməsi, qazilər, şəhid ailələri, veteranlar və gənclər üçün imkanların genişləndirilməsi, eləcə də turizm və sağlamlıq turizmi sahəsində birgə layihələrin həyata keçirilməsidir. Sənəd həmçinin tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsini, innovativ və beynəlxalq layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Koalisiyanın fəaliyyət istiqamətləri sırasında sağlam və dayanıqlı cəmiyyətin formalaşdırılması, şəhid ailələri və qazilərə sosial dəstəyin gücləndirilməsi, sağlamlıq və termal turizmin inkişafı, beynəlxalq turizm əməkdaşlığının genişləndirilməsi, eləcə də sosial məsuliyyətli layihələrin təşviqi yer alır.

Memorandum çərçivəsində sosial-iqtisadi layihələrin hazırlanması və icrası, korporativ sosial məsuliyyət proqramları, turizm və sağlamlıq turizmi sahəsində birgə təşəbbüslər, təhsil və peşə hazırlığı proqramları, məşğulluğun artırılmasına yönəlmiş layihələr, startapların formalaşdırılması və innovasiya platformalarının yaradılması nəzərdə tutulur. Bundan əlavə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, gənclər siyasəti və liderlik proqramlarının təşkili, səhiyyə və reabilitasiya təşəbbüsləri, mədəni və idman tədbirlərinin keçirilməsi, sağlam həyat tərzinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi də əsas prioritetlərdəndir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov müxtəlif qurumların bir araya gələrək əməkdaşlıq etməsinin ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm, sosial təşəbbüslər və iqtisadi fəaliyyətin vahid platformada birləşdirilməsi həm dövlət, həm də cəmiyyət üçün əhəmiyyətli nəticələr verə bilər.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev isə kənd icmaları ilə əməkdaşlığın gücləndirilməsinin, özünü maliyyələşdirən aqroturizm komplekslərinin yaradılmasının və gənclərin karyera imkanlarının genişləndirilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O bildirib ki, təşkilatların birgə fəaliyyəti ilə bu istiqamətdə layihələrin genişləndirilməsi planlaşdırılır.

Skal İnternational Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov memorandumun ictimai birliklər arasında əməkdaşlığın daha koordinasiyalı şəkildə qurulmasına imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq sosial və həssas qrupların dəstəklənməsi baxımından da mühüm nəticələr verə bilər.

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev də platforma çərçivəsində qarşıya qoyulan hədəflərin həm ölkə daxilində, həm də Türk dünyası miqyasında əməkdaşlığa töhfə verəcəyini bildirib.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə isə qeyd edib ki, yeni əməkdaşlıq platforması qazilərin və şəhid ailələrinin sosial dəstəyi və peşə hazırlığının artırılması baxımından da mühüm imkanlar yaradacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da çıxışında memorandumun əhəmiyyətindən bəhs edib. O, bu əməkdaşlığın sosial və iqtisadi təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini bildirərək platformanın fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə həmçinin Turan Qastroturizm Akademiyasının icraçı direktoru Doğan Tomris akademiyanın fəaliyyəti barədə təqdimat edib və platforma çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, ictimai təşkilatlar, turizm sektoru təmsilçiləri və media nümayəndələri də iştirak ediblər.