Təbrizli millət vəkili İran hökumətini “Süngün” mis mədənini talamaqda günahlandırıb Güney Azərbaycan

Təbrizli millət vəkili İran hökumətini “Süngün” mis mədənini talamaqda günahlandırıb

Təbriz, Tufarqan və Üskü şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi rəsmilərin Vərziğanda yerləşən “Süngün” mis mədəninin talanmasından danışıb.

Əhməd Əlirzabeygi rəsmilərin mədəndən gündə 2 milyon dollar dəyərində 1000 ton konsantrantın İranın mərkəzi əyalətlərinə daşındığını deyib.

“Bizim bütün çalışmalarımız mədəndən əldə edilən maddənin xam mal kimi satışının qarşısını almaq, bölgədə emal zavodunun tikintisinə nail olmaqdan ibarət idi.

Ancaq bu məsələ unudulub və hazırda bizim mədənlərimizin konsantrantlartı başqa yerlərə daşınır”-deyə, Ə.Əlirzabeygi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

O, deyib ki, bundan öncə Sənaye, Mədən və Ticarət Nazirliyi “Süngün” mis mədənində movcud olan konsantrantın 400 milyon ton civarında olduğunu bəhanə gətirərək emal zavodlarının tikintisinin sərfəli olmadığını demişdi. Ancaq sonrakı tapıntılar mədən ehtiyatının 2 milyarddan yuxarı olduğunu göstərdi.

“Hazırda mədəndən ildə 320 min ton konsantrə və 10 min dollar dəyərində 1 tonluq külçələr əldə edilir. Ancaq hər il emal zavodunun tikintisi ilə bağlı başlanan proseslər məqsədli şəkildə yarımçıq saxlanıldığı üçün problem həll olunmamış qalır”-deyə, millət vəkili emal zavodunun tikintisinə bilərəkdən maneçilik törədildiyini deyib.

Millət vəkili bildirib ki, bir çox fəaliyyətlərdən sonra Milli Mis Şirkətini əldə etdiyi gəlirin 2500 milyard tümənini əyalətdə saxlamasına nail olduq. Ancaq bu Şərqi Azərbaycandan aparılan sərvət qarşısında cüzi rəqəmdir.

"Hal-hazırda Milli Mis Mədəninin banklarda yatırdığı məbləğ 23 min miolyard tüməndir. Hansı ki, bu böyük məbləğın banklarda yatırılmasına ehtiyac yoxdur. Bu, kapitaldan mis sənayesi sahəsinin inkişafı üçün istifadə olunmalıdır"-Ə.Əlirzabeygi belə deyib.

Qeyd edək ki, Yaxın Şərqin (Orta Doğu) ən böyük mis yatağı olan "Süngün"də əldə olunan məhsul xammal kimi İranın digər bölgələrinə, o cümlədən Kirman əyalətinə daşınır.

Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.
Bundan öncə Vərziğanın İran parlamentindəki keçmiş nümayəndəsi Rza Əlizadə də bu məsələyə toxunub.

"Süngün mis mədənindən ildə 300 min tondan artıq mis konsentratı çıxarılır. Əldə edilən fantastik məbləğin isə 1 faizi də bölgəyə ayrılmır”-deyə, millət vəkili bildirib.

Gunaz.tv