“Xəzərin səviyyəsinin azalması artıq qlobal problemə çevrilib” Gündəm

“Xəzərin səviyyəsinin azalması artıq qlobal problemə çevrilib”

“Xəzər dənizində suyun səviyyəsinin enməsi həm təbii, həm də antropogen amillərlə bağlıdır.Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.Sonradan qısa dövrdə, yəni 1977–1995-ci illər ərzində 2,5 metr artım müşahidə olunub, lakin sonrakı illərdə yenidən azalma prosesi başlayıb. 2006-cı ildən bu günədək Xəzərin səviyyəsində enmə müşahidə olunur”.

Bunu Ekoloq Elman Cəfərli “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

Ekoloq qeyd edib ki, qapalı su hövzəsi olan Xəzərdə səviyyə dəyişiklikləri periodik xarakter daşıyır: “Mütəxəssislərin fikrincə, Xəzərdə suyun azalması iki əsas amillə bağlıdır – qlobal iqlim dəyişikliyi və antropogen təsirlər. Qlobal istiləşmə nəticəsində buzlaqlar əriyir, göllər və çaylar quruyur. Mərkəzi və Ön Asiyada bir çox iri göllərin yox olması da bu prosesin nəticəsidir.Bölgə əhalisinin artması və kənd təsərrüfatı sahələrinin genişlənməsi çaylardan su götürmələrin çoxalmasına səbəb olub. Çaylardan həm içməli, həm də suvarma məqsədilə istifadə artır. Bu da Xəzəri qidalandıran mənbələrin zəifləməsinə gətirib çıxarır. Hələlik Xəzərin səviyyəsindəki azalma ekoloji fəlakət sayılmasa da, proses davamlı olarsa, ciddi nəticələr qaçılmaz olacaq.
Dənizdə səviyyənin uzunmüddətli azalması neft-qaz əməliyyatlarına, limanların fəaliyyətinə, dəniz nəqliyyatına və balıqçılıq təsərrüfatlarına mənfi təsir göstərəcək”.
Sonda ekoloq vurğulayıb ki, Xəzərdə yaranan ekoloji problemlər artıq regional çərçivədən çıxaraq qlobal miqyas alıb: “Xəzəryanı dövlətlər bu böhrandan çıxış yollarını birgə axtarmalıdır. Dənizdə çirklənmənin qarşısının alınması, flora və faunanın qorunması, bioresursların bərpası istiqamətində ortaq qərarlar qəbul edilməlidir”.

Günel Elxan