
Azərbaycan Həndbol Federasiyasının (AHF) məqsədi cənub bölgəsində komandalar formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir.
Bunu "Report"a AHF-nin cənub bölgəsi üzrə yeni təyin edilmiş koordinatoru Vidadi Əliyev deyib.
O, Lənkəranda və digər bölgələrdə müəllimlərlə söhbət aparıldığını söyləyib:
"Cənub zonasında, xüsusən də Lənkəranda uşaqların həndboldan ümumiyyətlə anlayışı yoxdur. Düzdür, burada əvvəllər komandalar olub. Amma SSRİ dönəmində fəaliyyət göstəriblər. Bu səbəbdən məktəblərdə hənbola maraq olurdu. 90-cı illərdən sonra isə cənub zonasında Cəlilabadı çıxmaq şərtilə ümumiyyətlə həndbol olmayıb. Məqsədimiz 2012-2013 təvəllüdlülərdən başlayaraq uşaqları həndbola cəlb etmək və komanda formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir. Lənkərana yeni gəlmişəm. Gənclər və İdman Nazirliyi cənub regionundakı demək olar bütün Olimpiya Komplekslərini sərəncamımıza verib. Sovet dönəmində bədən tərbiyəsi akademiyalarında həndbol dərsləri keçilirdi. Mən də həndboldan anlayışı olan müəllimləri, keçmiş idmançıları toplayıb söhbət etmişəm. Gələcək planlar, görmək istədiyimiz işlərlə bağlı fikir mübadiləsi aparmışıq. Bəzi rayonlarda məktəblərə şəxsən getmişəm. Sağ olsunlar, regional idman idarələrinin əməkdaşları da mənə dəstək göstərdilər. Astarada, Lənkəranda və digər bölgələrdə planların yerinə yetirilməsi üçün proseslərə artıq start verilib".
Mütəxəssis qarşıdakı planlardan da danışıb:
"Rayonlardakı zallara da baxırıq. Müəllimlərə tapşırıqlar verirəm. Zalları inventarlarla təmin edirik. Şəxsən mənim təşəbbüsümlə topdan tutmuş, bütün lazımi ləvazimatlar gətirilib. Lənkəranda yaşayıram və bütün regionlara gedirəm. Olimpiya Komplekslərinin rəhbərlikləri də etiraz etmirlər. Dəstək verənlərin sayı artır. Prezidentin regionlarda idmanın inkişafına dair tapşırığı var. Təbii ki, Azərbaycan Həndbol Federasiyası da dəstəyini əsirgəmir. Bir müddət sonra Lənkəranda da komanda formalaşdırılacaq. Məktəblərarası yarışlar keçirməyi də planlaşdırırq. Müəllimlərə də federasiya tərəfindən dəstək göstəriləcək. Həmçinin həndbol qrupları formalaşdırmaq, Lənkəran birinciliyi keçirmək istəyirik. Hər rayon öz komandası ilə yarışda təmsil olunacaq. Özüm bədən tərbiyəsi və idman xadimiyəm. Uzun müddət həndbolla məşğul olmuşam. Məqsədimiz cənub regionunda həndbolu inkişaf etdirmək, Azərbaycan yığması üçün həndbolçu yetişdirməkdir".
O, müəllimlər üçün seminarlar təşkil ediləcəyini də vurğulayıb:
"Şəxsən özüm də rayonlara gedib bu istiqamətdə işlər aparacağam. Həqiqətən işləmək istəyən müəllimlər var. Təkcə Lənkəranda 10-dan çox məktəbdə görüşlər keçirmişəm. Müəllimlərə qayda jurnalı verəcəyik. Çalışacağıq ki, planlarımız özünü doğrultsun. Olimpiya Komplekslərinin rəhbərliklərinə, bizə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, V.Əliyev bir neçə gün öncə AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.