Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq İdman

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Dekabrın 12-də futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandamız yenə mübarizəyə əsas mərhələdən başlayacaq. Belə ki, Azərbaycan UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması yığmamıza mübarizəyə əsas mərhələdən start verəcək 24 iştirakçıdan biri olmaq şansı yaradıb.

Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. Əgər 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri ev sahibliyi etmək hüququ qazansa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.

Əsas mərhələdən mübarizəyə başlayacaq 24 komanda bunlardır: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Sloveniya, Çexiya, Polşa, Niderland, Ermənistan, Gürcüstan, Belarus, Slovakiya, Finlandiya, Belçika, Serbiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.

İlkin mərhələdən 12 komandanın əsas raunda vəsiqə qazanmasından sonra ümumi iştirakçıların sayı 36 olacaq. Burada komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə sahib olacaq 2-ci yeri tutan 4 milli komanda Elit-raunda birbaşa yüksələcək. Yerdə qalan 8 qrup ikincisi pley-off oyunlarında iştirak edəcək. Püşkatmadan sonra cütlərin qalibi olacaq 4 komanda Elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin həm qrup, həm də pley-off oyunları ev-səfər prinsipi ilə keçiriləcək.

Qeyd edək ki, əsas mərhələnin qrup oyunları 2026-cı il 12-21 oktyabr, 2-11 noyabr, 6-9 dekabr və 2027-ci il 22 fevral – 3 mart tarixləri arasında təşkil olunacaq. Pley-off matçları isə 2027-ci il aprelin 12-21-də oynanılacaq.