Prezident: Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb İdman

Prezident: Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb

"Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilib və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynayıb".

Bunu dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.

"Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir", deyə Prezident İlham Əliyev bildirib.