“Rusiya Bəşər Əsədə arxa çevirəcək” Dünya

“Rusiya Bəşər Əsədə arxa çevirəcək”

Rəsmi Vaşinqton bu qənaətdədir

Cavid

Obama administrasiyası ötən həftənin cümə günü Suriya böhranının həll edilməsi üçün yeni diplomatik proses başladıb. Suriya Prezidenti Bəşər əl-Əsədin istefaya getməsi yenə də Rusiyadan asılıdır. Amerikadan fərqli olaraq müttəfiqləri Rusiyanın diktatora dəstəyi kəsəcəyini düşünmürlər.
"Bloombergview.com" yazır ki, Suriyanın vətəndaş müharibəsindəki qüvvələri dəstəkləyən bütün ölkələrin nümayəndələri arasında Vyanada keçirilən doqquz saatlıq görüşdən sonra baş ABŞ rəsmiləri yeni danışıqların Suriyanın ərazi bütövlüyünün qorunması və zorakılığa son qoyulması kimi ortaq hədəflərin müəyyənləşdirilməsində irəliləyiş əldə etməyə imkan verdiyini bildirdi. ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrin nümayəndələri iki həftə içində yenidən görüş keçirməyi qərarlaşdırdılar. Yeni Suriya hökumətinə keçid prosesinin bir hissəsi kimi Bəşər Əsədin hakimiyyətdən getməsi üçün təzyiq göstərilib-göstərilməyəcəyi ilə bağlı isə razılıq əldə olunmadı.
ABŞ dövlət katibinin müavini Antoni Blinken Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən Bəhreyndə təşkil olunan "Manama Dialogue" forumunda Rusiyanın əvvəl-axır hərbi müdaxilə etməkdə və Əsəd hökumətini dəstəkləməkdə səhvə yol verdiyini anlayacağını, bundan sonra isə Əsədin hakimiyyətdən getməsi də daxil olmaqla, siyasi bir prosesi dəstəkləyəcəyini bildirib. Blinken Rusiyanın Suriyaya müdaxiləsinin iki əsas nəticəsi olacağını deyib: bu müdaxilə Rusiyanın Əsəd üzərində, münaqişənin isə Rusiya üzərində təsirini artıracaq və bu da Rusiyanı məsələnin siyasi yolla həll edilməsinə çalışmağa vadar edəcək.
Blinken Rusiyanın Suriyada hərbi müdaxiləni uzun müddət davam etdirə bilməyəcəyini və çox çəkmədən iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin Rusiyanı Suriya siyasətini yenidən dəyərləndirməyə məcbur edəcəyini deyib. Blinken əminliklə bildirib ki, Rusiya çıxılmaz vəziyyətə girəcək və gec-tez Suriya böhranının həll edilməsi üçün Əsədin hakimiyyətdən getməsilə razılaşmalı olduğunu anlayacaq.
Blinkenin çıxışından sonra ABŞ-ın Suriya ilə bağlı müttəfiqi olan ölkələrin rəsmiləri və ekspertləri Rusiyanın Əsədin gələcəyi ilə bağlı Qərbin tərəfinə keçəcəyi ehtimalının olması ilə razılaşmadılar. Britaniyanın xarici işlər üzrə katibi Filip Hammond məsələ ilə bağlı bildirib: "Rusiyanın münaqişəyə daxil olduqca, daha çox siyasi həll yolu əldə edilməsinə çalışacağını düşünənlər var, lakin mənim hökumətimin düşüncəsi bu yöndə deyil."
Vyanadakı danışıqlar sona çatdıqdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışdığını deyən Hammond bildirib ki, nazir Rusiyanın Əsədin hakimiyyətdən getməsi ilə bağlı fikrini dəyişdirmə ehtimalı olmadığını deyib. Rusiyanın Əsədlə bağlı mövqeyi üç il əvvəl olduğu kimidir və dəyişmə ehtimalı da yoxdur. Rusiya bildirir ki, Əsəd seçki yolu ilə seçilib və yalnız seçki yolu ilə onu başqası əvəz edə bilər.
"Bu isə Əsədin Suriyada davamlı bir siyasi həll yolu əldə edilməzdən əvvəl hakimiyyətdən getməli olduğunu düşünənlərimizlə birbaşa ziddiyət təşkil edir" – deyə Hammond bildirib. Rusiyanın xarici işlər naziri məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Lavrov dəfələrlə bildirib ki, Əsədin taleyi yalnız suriyalıların əlindədir və Rusiya onun hakimiyyətdən getməsi üçün bir tarix müəyyənləşdirilməsində iştirak etməyəcək.
Blinkendən sonra konfransda çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr bildirib ki, Suriyada real siyasi prosesin başlaması üçün Rusiya və İran qüvvələrini Suriyadan çıxartmalı və Əsədin istefası üçün tarix və vasitələri razılaşdırmalıdırlar. Əl-Cübeyr Rusiya və İran hər iki şərtlə razılaşana qədər Səudiyyə Ərəbistanının Suriyanın müxalifətinə silah təmin etməyə davam edəcəyini qeyd edib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun sədri Fransua Eysburq Blinkenin Rusiyanın Suriyaya müdaxiləsinin nəticələri qarşısında təzyiq hiss edəcəyi iddiasına etiraz edib.
Moskvada yerləşən Strategiya və Texologiyaların Təhlili Mərkəzinin baş elmi işçisi Maksim Şapovalenko Rusiyanın hərbi müdaxilənin uğurlu olacağını və Əsədin hakimiyyətdə qala biləcəyini düşündüyünü bildirib. İstənilən halda, Rusiya hökumətinin Əsədin hakimiyyətdən getməsi ilə razılaşması ehtimalı yoxdur. ABŞ hökumətinin fərziyyəsi özünü doğrultmazsa və Rusiya Suriya böhranının siyasi yolla həll edilməsində iştirak etməzsə, necə olacaq? Obama administrasiyası Əsədə təzyiq göstərmək üçün Rusiyadan çoxmu asılıdır? Blinken ABŞ-ın hələ də Əsədə təzyiq göstərməsinin sübutu kimi İslam Dövlətinə qarşı mübarizə aparmaq üçün üsyançı qrupları gücləndirmə cəhdlərinə diqqət çəkib. O, ABŞ-ın Suriyanın şimalına göndərəcəyini elan etdiyi 50 xüsusi təyinatlı qüvvəni isə xüsusi olaraq, qeyd etməyib.
Blinken bildirib: "İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyada gücləndirilən qüvvələr eyni zamanda ölkədə siyasi keçid prosesinə şərait yaratmağa kömək edə biləcək mövqedədirlər. Biz də bu qüvvələri dəstəkləməyə davam edəcəyik."
Obama administrasiyası dəfələrlə bildirib ki, Suriyanın İslam Dövlətinə qarşı vuruşan üsyançı qruplarına verilən dəstək Əsədə qarşı yönəldilməyib. İstənilən halda, xüsusilə ABŞ-ın yerli döyüşçülərin hazırlanması proqramını ləğv etməsindən sonra Əsədə qarşı çevrilən üsyançılara dəstəyi də azalıb.
Avropalı diplomatlar ABŞ-ın rəhbərliyi ilə göstərilən bu diplomatik cəhdin Obama administrasiyasına Suriya böhranını həll etmək üçün ciddi şəkildə çalışdığına iddia etmək imkanı verən boş bir fəaliyyət olduğundan narahatlıqlarını bildiriblər. Amerikanın müttəfiqləri ABŞ-ın özünün də çox inanmadığı və uğurlu olma ehtimalı çox aşağı olan bir prosesdə iştirak etmək istəmirlər.
ABŞ rəsmiləri isə, əksinə, Vyanada Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrlə keçirilən danışıqların Rusiyanı Suriya ilə bağlı mövqeyini dəyişdirməyə razı salmaq üçün dürüst bir cəhd olduğunu və Rusiyanın Əsədin hakimiyyətdən getməsilə Suriyanın vətəndaş müharibəsinin həll edilməsini təsdiqləyəcəyinə ümid olduğunu bildiriblər. Ancaq buna ümid edən elə təkcə ABŞ-dır.