İran iqtisadiyyatı üçün xəbərlər yaxşı deyil Dünya

İran iqtisadiyyatı üçün xəbərlər yaxşı deyil

Səudiyyə Ərəbistanı ilə İran arasında əlaqələrin pisləşməsi ər-Riyadın üstünlüyü ilə asanlıqla iqtisadi müharibəyə çevrilə bilər. Səudiyyəlilər və iranlılar regional üstünlük əldə etmək üçün uzun müddətdir rəqabətdədirlər. Onlar Suriya və İraqda, eləcə də, Yəməndə Sünni krallığın İran tərəfindən dəstəklənən Husi üsyançılara qarşı hərbi əməliyyatlar aparması ilə öz əlaltıları vasitəsi ilə bir-birlərilə müharibə aparırlar. Səudiyyə Ərəbistanı öz sərhədlərindən kənarda gedən münaqişələr arasında eyni zamanda narahat şiə vətəndaşlarına təfriqə salmamaları üçün ciddi nəzarət edir. Ötən həftənin şənbə günü əl-Qaidənin krallıqda törətdiyi terror hücumlarında iştirak etməkdə günahlandırılan, əksəriyyətinin sünni olduğu 46 nəfərlə birgə şiə ruhani xadim Nimr əl-Nimr edam edilib.
"VSJ" yazır ki, şeyxin edam edilməsinə etiraz edən iranlıların Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək yanğın törətmələrindən sonra Səudiyyə hökuməti İranla diplomatik və ticarət əlaqələrini kəsib, ordan gələn vətəndaşların ölkəyə girişinə qadağa qoyub. Səudiyyə Ərəbistanının müttəfiqləri olan Bəhreyn və Sudan da İranla diplomatik əlaqələri kəsib; Birləşmiş Ərəb Əmirlikləri və Küveyt Tehrandakı səfirlərini geri çağırıblar. Büdcə kəsirləri olan və hökumət subsidiyalarını azaldan Səudiyyənin öz maliyyə problemləri olsa da, İrana qarşı hələ də güclü üstünlükləri var.
ABŞ Konqresinin 2011 və 2013-cü illər arasında sanksiyalarla İranın neft ixracını hədəf aldığı dövrdə Səudiyyə Ərəbistanı qiymətlərin kəskin artmasının qarşısını almaq üçün neft istehsalını artıraraq mühüm bir addım atdı. İran əvvəllər bir gündə 2,5 milyon barrel neft satırdısa, 2013-cü ilin sonuna qədər bu rəqəm 1 milyona düşdü. Eləcə də, 2011-ci ildə bir gündə 3,7 milyon barrel neft çıxaran İran 2013-cü ildə 2,8 milyon barrel neft çıxarırdı. Neft qiymətləri isə kəskin şəkildə düşdü. Sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurdu.
Sanksiyaların ağır təsiri İranın ötən il nüvə proqramı ilə bağlı qlobal qüvvələrlə razılaşma imzalamaq istəyini artırdı. İran rəsmiləri neft bazarlarına qayıtmaq və enerji sahəsinə kütləvi xarici investisiya cəlb etmək üçün sanksiyaların yüngülləşdirilməsinə bel bağlayırlar. Belə ki, bunlar İranın hədsiz dərəcədə zəifləmiş iqtisadiyyatını xilas edəcək və narazi əhalini sakitləşdirəcək iki şeydir.
Səudiyyə Ərəbistanının nüvə razılaşmasına qarşı çıxmasının bir səbəbi də elə budur. ABŞ-ın şist neft istehsalını artırması və 2014-cü ilin noyabrında bir gündə 9,6 milyon barrel neft çıxaran Səudiyyə Ərəbistanının bir il sonra neft istehsalını artıraraq 10,2 milyon barrelə çatdırması İranın böhranlı bir qlobal neft bazarına qayıdacağını dəqiqləşdirdi. Bir barrel xam neftin qiyməti təxminən 37 dollardır, bu isə 2013-cü ilin yanvarında sanksiyalar qoyulan zaman olan qiymətlərin təxminən üçdə birini təşkil edir. Tehran bir gündə, hardasa, 7,5 milyon barrel neft satmalıdır ki, sanksiyalardan öncəki gəlir səviyyəsinə qayıda bilsin.
Səudiyyə Ərəbistanının istifadə edə biləcəyi başqa bir iqtisadi silahı da xaricdəki yüz milyard dollarlarıdır. Xarici banklarda və xarici investorlar arasında güclü nüfuzu olan səudiyyəlilər İranla işləyən müəssisələri maliyyə dəstəyini çəkməklə hədələyə bilər. Bir çox qurumlar artıq narahatdırlar ki, Obamanın prezidentlik müddəti başa çatdıqdan sonra sansksiyaların tətbiqi daha da aqressiv bir hal alacaq.
İran nüvə razılaşması vasitəsilə özünü ABŞ və Avropanın iqtisadi təzyiqlərindən azad etmək üçün bir yol tapsa da, Səudiyyə Ərəbistanının da iqtisadi müharibə aparmaq üçün öz vasitələri var. Nə baş verir-versin, İran üçün iqtisadi vəziyyət pisləşə bilər.