İncirlik niyə bağlandı Dünya

İncirlik niyə bağlandı

ABŞ-la konflikt lazımdırmı?

İki gün öncə Türkiyədə NATO-nun istifadəsində olan İncirlik hərbi-hava bazasının giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb və aviabaza güc strukturlarının 7 minədək əməkdaşı tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.
Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik Tvitter səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: "Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib".
"Xəbərtürk" saytı isə aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordun Türkiyəyə səfəri ilə əlaqələndirib.
ABŞ-ın İncirlikdəki hərbi aviabazası ilə bağlı belə bir addımın atılmasının Türkiyə-ABŞ münasibətlərində son günlər yaşanan soyuqluğu bir qədər də artıracağı iddia edilir. Bu hadisənin münasibətlərin qırılmasına qədər gediləcəyi ehtimalını yaradıb-yaratmadığı sualı ortaya çıxır. Münasibətlər qırıla bilərmi? Bundan daha çox itirən hansı tərəf olar?
Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyənin İncirlik bazası ilə bağlı atdığı addım risklidir. Bu hərbi aviabazanın təhlükəsizliyinə ABŞ-ın özü birbaşa cavabdehdir.
Bu baza təkcə qurudan deyil, həm də kosmosdan çox ciddi surətdə qorunur. 7 min polisin oraya cəlb edilib təhlükəsizlik tədbirləri adı altında aviabazanı mühasirəyə alması o qədər də diplomatik və ağıllı addım deyil: "Türkiyənin siyasi rəhbərliyi ABŞ-la bağlı çox böyük risklərə gedir. ABŞ-la münasibətlərin qırılması daha çox Türkiyənin zərərinə ola bilər. Belə görünür, rəsmi Ankara Fətullah Gülənin təhvil verilməsi üçün ABŞ-la münasibətlərin gərginləşməsinə belə getməyi göz altına alıb. Bir tərəfdən də Türkiyədə edam cəzasını bərpa etməyə çalışırlar. Unutmaq lazım deyil ki, ölüm cəzası mövcud olan ölkələrə demokratik ölkələr heç kimi, hətta qatili belə, ekstradisiya etmir. Belə çıxır ki, gərginlik davam edəcək. İki ölkə arasında gərginliyin Türkiyə daxilindən və xaricdən müəyyən qüvvələr tərəfindən körüklənməsi müşahidə edilir. Bu, durum Türkiyə dövlətinin gələcəyi üçün həyəcanlanmağa əsaslar yaradır.
Təsəvvür edin ki, elə bir durum yaranıb - Britaniya guya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Türkiyədə hərbi əməliyyat hazırlanmasından danışmağa başlayıb. ABŞ-la konfliktin dərinləşməsinin çox fəsadları ola bilər. Qərb İran kimi ikinci teokratik bir dövlətin yaranmasından əndişələnir - baxmayaraq ki, buna yetərli əsas yoxdur. Lakin Qərbə bəhanə də vermək olmaz. ABŞ-la münasibətlərdə gərginlik qaldıqca başqa NATO ölkələri ilə də Türkiyə arasında soyuq küləklər əsməkdədir. Belə bir vəziyyətdə Ankara ölçülü-biçili siyasət yürütməlidir, təhdidedici bəyanatlar verməməlidir. ABŞ-la baş-başa gəlməyin perspektivi yoxdur. Amerika vaxtilə Türkiyəni Stalinin təcavüzündən qorumuş bir ölkədir. Bu gün də ABŞ-ın Türkiyə ilə strateji müttəfiqlik əlaqələri qalır. Kimlərsə bu əlaqələri pozmaq və Türkiyənin NATO-dan uzaqlaşdırılmasına və Türkiyənin müdafiəsiz qalmasına, Türkiyənin Rusiyanın və Çinin nəzarəti altına düşməsinə nail olmaq istəyir. Ankara fərqində olmalıdır ki, Rusiyanın özü bu gün ABŞ-la imdaddiləyici vəziyyətdədir".