Ukraynada münaqişə nəticəsində tələfatlar artıb Dünya

Ukraynada münaqişə nəticəsində tələfatlar artıb

Ukraynada dörd ildir sürən münaqişə nəticəsində tələfatlar son aylar artıb. Bu haqda BMT-nin İnsan Haqları üzrə ali komissarının hesabatında bildirilir.
BMT-nin müşahidəçiləri fevral ayının ortalarından martın ortalarına qədər müddət ərzində münaqişə ilə əlaqədar 36 ölüm hadisəsi də daxil olmaqla 193 halı qeyd ediblər.
"Əvvəlki hesabatın hazırlandığı müddətlə müqayisədə bu göstərici 48 faiz artıb," ali komissar Zeyd Raad Əl-Hüseyn haqlarının durumu ilə bağlı açıqlama verib. BMT-nin İnsan Haqları Şurasının iclasında danışan Zeyd daha sonra əlavə edib: "Bu halların çoxu artilleriya atəşləri, partlayıcı maddələr və müharibənin nəticələri ilə əlaqədardır."
O bildirib ki, bu il mülki vətəndaşlar arasında münaqişə ilə əlaqədar itkilər və xəsarətlə bağlı 375 hal qeydə alınıb. Bunların 67-si ölümlə nəticələnib, 308 halda isə mülki vətəndaşlar arasında yaralananlar olub.
"Artilleriya atəşləri nəticəsində tələfatların sayı ikiqat artıb. Bu statistika münaqişənin mahyyətcə dəyişdiyini sübuta yetirir: münaqişə intensivləşir, tərəflər bir-birinə çox yaxındır və ağır silahlar, əsgərlər və silahlı qruplaşmalar dinc əhalinin yaşadığı ərazilər və mülki infrastruktura yaxın yerlərdədir", ali komissar bildirib.

10 min insan həyatını itirib

BMT-nin hesablamalarına görə, 2014-cü ilin aprel ayında Ukraynanın şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında müharibənin başlamasından bəri münaqişə nəticəsində təxminən 10 min insan həyatını itirib və 23 min 500-dən çox insanın yaralanıb.
Ukraynanın xarici işlər nazirinin müavini Serhiy Kislitsa BMT-nin İnsan Haqları üzrə ali komissarının qiymətləndirməsi və hesabatın nəticələri ilə razılaşıb. Hesabatda "Rusiya Federasiyasından Ukrayanın Donetsk və Luqansk regionlarına xarici döyüşçülərin, hərbi sursat və ağır silahların davamlı axını" qeyd edilib.
Ukrayna rəsmisi Rusiyanın bu praktikanı davam etdirdiyini və "münaqişənin sonunun görünmədiyini" əlavə edib.
Münaqişənin tərəflərinin hərbi əməliyyatlara son qoyulması məqsədilə ilə ilk səyləri 2014-cü ilin sentyabrında Minsk protokolunun imzalanması ilə nəticələnib. Razılaşamaya Ukraynanın şərqində üsyançı qüvvələr, Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən imza atılıb.
Minsk razılaşması və münaqişənin sona çatdırılması istiqamətində göstərilmiş səylər nəticə verməyib.
"Minsk razılaşmalarındakı əsas təəhhüdlərin yerinə yetirilməməsi davam edir", BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd bildirib.
"Atəşkəsin hər gün pozulması, qoşunların geri çəkilməsi xəttinin pozulması olaraq, ağır silahlar və ara-sıra artilleriya atəşləri mülki vətəndaşların həyatını və əmlakını itirməsi ilə nəticələnir", o əlavə edib.
BMT Ukraynanın şərqində xəstəxanalar və məktəblərin artilleriya atəşi nəticəsində zərərə məruz qaldığını bildirir.

75 min uşaq təhlükə altındadır

Bu həftənin əvvəli BMT-nin Uşaq fondu 750 min uşağın içməli sudan istifadə etmək imkanı olmamasının ciddi nəticələri ilə bağlı xəbərdarlıq edib.
"Biz narahatıq, çünki təmiz içməli sudan istifadə etmək imkanı olmayan uşaqların ishal kimi xəstəliklərə yoluxa bilməsinə yol açılır", UNİCEF-in nümayəndəsi Kristof Boulirak bildirib.
BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd bildirib ki, münaqişədə hər iki tərəf insan haqlarının pozulmasında günahlandırıla bilər. O, BMT müşahidəçilərinin təmas xəttində hər iki tərəfdən qanunsuz və məhkəməsiz saxlanmaları və pis rəftar hallarını qeyd etdiyini deyib.
Ali komissar Rusiyanın 2014-cü ilin mart ayında işğal etdiyi Krım yarımadasında insan hüquqlarının durumunu kəskin tənqid edib.
O, xüsusilə, Krım tatarlarına qarşı ədalətsizlikləri qeyd edib.