“Hindistanda müsəlmanlara qarşı ciddi təzyiqlər baş verməkdədir” Dünya

“Hindistanda müsəlmanlara qarşı ciddi təzyiqlər baş verməkdədir”

“Hindistan və Pakistan arasında baş verən gərginlik yeni bir gərginlik deyil. İki dövlət yarandığı dövrdən zaman-zaman bu gərginliklər yaşanıb və irimiqyaslı savaşlara da dönüşüb. Tərəflər faktiki olaraq 4 dəfə indiyə qədər savaş aparıb və bu gərginliyin kökündə duran əsas məsələ Kəşmir problemidir. Belə ki, Hindistan Kəşmiri 50-ci illərdə işğal etdikdən sonra o ərazilərdəki müsəlman əhalini sıxışdırmağa, assimilyasiya etməyə çalışır və faktiki olaraq Hindistan bu gün Kəşmir ərazisində 1 milyona yaxın ordu saxlamaqla, hər 5 nəfər mülki şəxsə 1 nəfər hərbçi təyin etməklə bölgədə total nəzarəti həyata keçirir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

Politoq bildirib ki, Hindistan son 10 ildə faşist düşüncəyə yaxın, ultra-millətçi bir siyasi qüvvə tərəfindən idarə olunur: “Məhz Modi rejimi 2014-cü ildən hakimiyyətdə olduğu dövrdə Hindistanda müsəlmanlara qarşı ciddi təzyiqlər baş verməkdədir. Onların yaşadıqları məhəllələrin ciddi təzyiq altında saxlanılması, assimilyasiya cəhdləri, fondlarının nəzarət altında saxlanılması, geyimlərinin və dini rituallarının qadağan edilməsi, məscidlərə, ümumiyyətlə, müsəlman adət-ənənəsinə qarşı həyata keçirilən zorakılık və s. bunların hamısı məhz Modi hökuməti dövründə çoxalıb”.

Röya İsrafilova