Kobaxidze Tramp və Vensə açıq məktub ünvanlayıb Dünya

Kobaxidze Tramp və Vensə açıq məktub ünvanlayıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Vensə açıq məktub ünvanlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Baş nazir bir neçə həftə əvvəl Gürcüstan-ABŞ münasibətləri ilə bağlı ABŞ-yə məktub ünvanladığını, lakin hələ də cavab almadığını bildirib.

"Bir neçə həftə əvvəl biz sizə Gürcüstan-ABŞ münasibətləri ilə bağlı yazmışdıq. Bu məktubdan əvvəl mənim açıq bəyanatlarım var idi. Orada mən Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığını təmiz səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazır olduğunu açıq şəkildə ifadə etdim. Bununla belə, məktubumuza cavab almamışıq. Bundan başqa, Gürcüstan hökuməti ilə ABŞ arasında bu günə qədər ən yüksək səviyyədə heç bir əlaqə olmayıb. Bu susqunluq gürcü xalqını və Gürcüstan hökumətini bir neçə səbəbə görə təəccübləndirir”, - Kobaxidze qeyd edib.

Baş nazir Gürcüstan uzun illərdir ki, ABŞ üçün strateji əhəmiyyətli regionda ən etibarlı tərəfdaşı olduğunu qeyd edib.

“Gürcüstan ABŞ-ni ən qaynar nöqtələrdə, o cümlədən, İraq və Əfqanıstanda dəstəklədi. Təkcə bu iki missiyada iştirak etməklə kiçik ölkəmiz 2,5 milyard dollar sərf etdi ki, bu da ABŞ büdcəsindən Gürcüstana verilən real yardımdan dəfələrlə çoxdur. (Biz ABŞ səfirliyi, USAID, NED, Soros Fondu və digər kanallar vasitəsilə Gürcüstanda radikalizm və nifrət qızışdırmaq, inqilablar təşkil etmək, Gürcü Pravoslav Kilsəsinin imicini ləkələmək, dini ekstremizmi təşviq etmək, dövlət institutlarını zəiflətmək, gender və digər oxşar məqsədlər üçün ayrılan vəsaitləri real yardıma daxil etmirik). Nəzərə alsaq ki, Gürcüstan uzun illər ABŞ üçün əsl strateji tərəfdaş olaraq qalır və belə bir strateji tərəfdaşlığı bərpa etmək istəyini ifadə etməkdə davam edir, yeni administrasiyanın susması həm Gürcüstan hökumətini, həm də gürcü xalqını təəccübləndirir.

Xüsusilə vacib olan odur ki, hökumətimizin və sizin administrasiyanızın ictimai ritorikasını müşahidə etsək, baxışlarımız arasında tam dəyər və ideoloji uyğunluq göz qabağındadır. Siz eyni bəyanatlar verməzdən bir neçə il əvvəl biz “dərin dövlət”in, USAID-in, NED-in və digər aidiyyəti qurumların cinayətkar fəaliyyətləri barədə açıq danışırdıq. Ukraynadakı müharibə, gender və LGBT təbliğatı və bir çox başqa məsələlərlə bağlı tamamilə eyni qiymətləndirmələrimiz var. Belə dəyər və ideoloji yaxınlaşma fonunda gürcü xalqının ilkin gözləntisi Gürcüstanın administrasiyanızın xüsusi maraq göstərdiyi ilk ölkələrdən biri olacağı idi. Siz Avropa bürokratiyasının dəstəyi ilə qeyri-demokratik hərəkətlərin həyata keçirildiyi Rumıniya və Almaniyaya belə maraq göstərmisiniz. Lakin gürcü xalqını və bizi təəccübləndirən budur ki, siz bu günə kimi Gürcüstana belə diqqət göstərməmisiniz. Üstəlik, Bayden administrasiyası tərəfindən planlaşdırılan və USAID tərəfindən maliyyələşdirilən inqilab cəhdinin və zorakılığın qarşısını effektiv şəkildə alan Gürcüstan baş nazirinin müavini və digər hökumət rəsmilərinə qarşı tamamilə anlaşılmaz sanksiyalar hələ də qüvvədədir. Bundan əlavə, bir neçə gün əvvəl ABŞ konqresində absurd qanun - gürcü xalqına və onun seçilmiş hökumətinə qarşı düşmənçiliklə dolu “MEGOBARI aktı” adlanan qanun qəbul edildi. “MEGOBARI” sözünün mənasını nəzərə alsaq (Dost – red.) bu qanun Corc Oruellin modelini xatırladır, ona görə müharibə sülh, düşmən isə dostdur. Son vaxtlar müxtəlif parlamentlərdən absurd münasibətlər almağa öyrəşmişik və beləliklə, bir çox subyektlər bu əməli sizin administrasiyanıza aid etməsəydi, “MEGOBARI Aktı”na ümumiyyətlə fikir verməzdik. Administrasiyanızın “MEGOBARİ Aktı” ilə bağlı heç bir tənqidi bəyanat verməməsi bu təsəvvürü gücləndirir. Bütün bunlara görə bu qanun gürcü xalqının təkcə Konqresə deyil, həm də təəssüf ki, gürcü cəmiyyətinin başqa cür ümidlərlə baxdığı sizin administrasiyanıza inamını azaldır.

Gürcüstan cəmiyyətində baş verən son hadisələr belə bir hiss yaradıb ki, “Dərin Dövlət”in məğlubiyyəti ilə bağlı bəyanatlar sadəcə olaraq sonuncunun rebrendinqinə cəhddir və başqa bir şey deyil. Baydenin qərarlarını sərt şəkildə tənqid etməyiniz insanlar üçün təəccüblüdür, amma hələ də onun cinayət qərarlarını düzəltməmisiniz”, - məktubda qeyd edilib.