

Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan Noel Barro açıqlamasında ölkəsinin bu addımı atacağını bəyan edib.
Nazir bildirib ki, Fransa Əlcəzairin bu əsassız və qəbuledilməz qərarını qətiyyətlə pisləyir və bununla bağlı Əlcəzairin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ona Parisin əlcəzairli diplomatları ölkədən çıxarmaq qərarı barədə məlumat verilib.
“Bizim cavabımız dərhal, qəti və bu mərhələdə eyni tələblə - hazırda vizası olmayan diplomatik pasport sahiblərinin Əlcəzairə geri göndərilməsi ilə tam mütənasibdir", - Barro vurğulayıb.
Qeyd edək ki, mayın 11-də Əlcəzair hökuməti Xarici İşlər Nazirliyində keçirilən görüşdə Fransanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilindən səfirliyin qanunsuz sayılan on beş əməkdaşının dərhal ölkədən çıxarılmasını tələb etmişdi.
Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması fonunda pisləşdi. Buna cavab olaraq Əlcəzair Parisdəki səfirini geri çağırdı və Prezident Tebbun ilkin olaraq 2024-cü ilin sentyabrına planlaşdırılan Fransaya səfərini ləğv etdi. Həmin ilin noyabrında Əlcəzair-Fransız yazıçısı Boualem Sansalın həbsi vəziyyəti daha da çətinləşdirdi.