Lavrov: Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir Dünya

Lavrov: Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir

Moskva əmindir ki, regionda yaranan məsələləri burada yerləşən ölkələr və yaxın qonşular həll etməlidir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya qeyri-regional ölkələrin Cənubi Qafqaz ölkələri ilə münasibətləri inkişaf etdirməyinin əleyhinə deyil.

"Bizim qeyri-regional ölkələrin, dünya praktikasında nəzərdə tutulduğu kimi, münasibətlərini bu cür qarşılıqlı fəaliyyətin gərginlik yaratmaq, geosiyasi oyunlar naminə burada yerləşən ölkələrin maraqlarına məhəl qoymamaq məqsədi daşımayacağı anlayışı ilə inkişaf etdirməsinə qarşı deyil", - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Avropa İttifaqı fəaldır və öz mexanizmlərini Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yaymağa çalışır.

Heç kim heç kimə dünyanın heç bir ölkəsi ilə əlaqələri inkişaf etdirməyi qadağan edə bilməz. Bu, sıfır nəticəli oyun olmamalıdır.

“Gəlib deyə bilməzsiniz: “Biz sizə maraqlı olan layihələr təklif edəcəyik, ancaq siz konkret ölkə ilə əlaqəni dayandırırsınız”. Bu “parçala və hökm sür” prinsipi Rusiyaya yaddır, bu prinsipdə azad heç nə yoxdur".