

Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan Ukraynaya sülhməramlı missiyanın bir hissəsi kimi qoşun göndərməyi yersiz hesab edir.
AZƏRTAC xəbər verir ki, Nikuşor Dan bunu “Politico” nəşrinə müsahibəsində deyib.
“Ukraynada sülhə zəmanət verən hərbi missiyaya qoşulmaq niyyətində deyilik. Bu, Rumıniya ilə Rusiya arasında mövcud gərginliyə görə yersiz hərəkət olardı”, - deyə Nikuşor Dan bildirib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə yanaşmasını və Rusiya lideri Vladimir Putinə güzəştə getməyə hazır olmasını tənqid edib. Rumıniya dövləti başçısının fikrincə, Ukrayna ilə bağlı hər bir qərar Kiyevlə razılaşdırılmalıdır. Nikuşor Dan yaxın gələcəkdə regionda sülhün mümkün olacağına da inanmadığını vurğulayıb.
Bir müddət öncə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Vaşinqtonun Ukraynadakı münaqişənin həlli planını müzakirə etdiyini deyib. Həmin plan Dneprdən qərbdə çəkindirici qüvvələrin yerləşdirilməsini ehtiva edir. Çəkindirici qüvvələrin tərkibinə Avropanın dörd ölkəsinin - Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın hərbi kontingenti daxil olacaq.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın “tarixi ərazilərinə” sülhməramlıların yeridilməsinin üçüncü dünya müharibəsinə səbəb olacağını deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində NATO qoşunlarının istənilən bayraq altında və istənilən statusda Ukrayna torpaqlarında yerləşdirilməsini Rusiya üçün təhlükə adlandırıb və Moskvanın heç bir halda bunu qəbul etməyəcəyini bildirib.