

ABŞ administrasiyasının Suriyaya qarşı sanksiyaları ləğv etməsi turizm sektorunun bərpasında dönüş nöqtəsidir, ərəb və digər dövlətlərdən milyardlarla dollar dəyərində sərmayələrin cəlbi üçün qapıları açır.
AZƏRTAC xəbər verir ki, bunu Suriyanın turizm naziri Mazin əs-Salihani Qətər Xəbər Agentliyinə müsahibəsində deyib.
Nazir əlavə edib ki, sanksiyaların ləğvi bir neçə tərəfin apardığı diplomatik və humanitar səylərin nəticəsində baş tutub.
Sanksiyaların ölkəsinin turizm sektoruna sərmayə axınına əsas maneələrdən biri olduğunu vurğulayan suriyalı nazir hazırda hotelçilik və sağlamlıq turizmi sahələrində xidmətlərə ciddi ehtiyac yarandığını qeyd edib.
Nazir turizm sektorunu, eləcə də hotel infrastrukturunu inkişaf etdirmək məqsədilə qısa, orta və uzunmüddətli planları əhatə edən geniş strategiya hazırlandığını diqqətə çatdırıb. Əlavə edib ki, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan investisiya konfransında turizm imkanları ilə bağlı planlar təqdim olunacaq. Qəbul ediləcək yeni investisiya qanunu da bu sektorun çiçəklənməsinə töhfə verəcək.
Qeyd olunur ki, Suriya hökuməti turizm sektorunda müxtəlif layihələr həyata keçirməklə, sərmayədarlar üçün əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.
Turizm sektorunun qarşısında duran cari çətinliklərə toxunan nazir qərb sanksiyalarının, xüsusilə bank köçürmələri və SWIFT sisteminin qeyri-aktivliyinin investisiya mühitinə mənfi təsir göstərdiyini qeyd edib. Müharibədən sonra ölkədə bu sektorda ümidverici vəziyyətin yarandığını diqqətə çatdıran əs-Salihani bu yaxınlarda körfəz ölkələrindən olan şirkətlərin koalisiyası ilə ölkənin müxtəlif bölgələrindəki bir sıra turizm məkanlarının inkişafı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını təqdirəlayiq hal hesab edib.
Bildirilib ki, yeni investisiya qanunu qəbul edildikdən sonra Suriyada turizm sərmayə forumunun və ümumi iqtisadi forumun təşkili nəzərdə tutulur.