İqlim dəyişikliyi 4 milyard insana 30 əlavə isti gün yaşatdı Dünya

İqlim dəyişikliyi 4 milyard insana 30 əlavə isti gün yaşatdı

İnsan fəaliyyətlərindən qaynaqlanan iqlim dəyişikliyi səbəbilə, son bir il ərzində dünya əhalisinin təxminən yarısını təşkil edən 4 milyard insan əlavə olaraq orta hesabla 30 gün şiddətli istilərə məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, World Weather Attribution (WWA), Climate Central və Qırmızı Xaç İqlim Mərkəzi tərəfindən 2 iyun – Qlobal İstilərlə Mübarizə Günü ərəfəsində yayımlanan analizə görə, fosil yanacaqların istifadəsi isti hava dalğalarının həm müddətini uzadır, həm də onları daha mümkün hala gətirir. Bu isə bir çox ölkədə hələ də kifayət qədər ciddi qəbul olunmayan təhlükədir.

Daha uzun davam edən istilər səbəbilə, dünya əhalisinin təxminən yarısını təşkil edən 4 milyard insan 1 may 2024 – 1 may 2025 tarixləri arasında yaşadıqları bölgələrdə tarixən müşahidə olunan temperaturun 90%-dən yüksək olduğu ən azı 30 əlavə həddindən artıq isti gün yaşayıb. Analizə görə, bu, iqlim dəyişikliyi olmasa baş verməyəcəkdi.

Iqlim dəyişikliyi, 195 ölkə və bölgədə aşırı isti günlərin sayını azı ikiqat artırıb. Son bir ildə baş verən 67 böyük isti hava hadisəsinin hamısı iqlim dəyişikliyi səbəbilə daha mümkün olub.

London Imperial Kolleci Grantham İnstitutunun İqlim Dəyişikliyi və Ətraf Mühit Bölməsinin baş müəllimi və WWA-nın həmtəsisçisi Friederike Otto analizlə bağlı açıqlamasında bu nəticələrin çox açıq bir xəbərdarlıq kimi qəbul edilməli olduğunu deyib.

Otto bildirib: “Hər yandırılan neft bareli, hər buraxılan karbon qazı tonu və hər artan dərəcə ilə isti hava dalğaları daha çox insana təsir edəcək. Amma yaxşı xəbər odur ki, bu isti hava dalğalarının pisləşməsinin qarşısını necə alacağımızı bilirik. Enerji sistemlərimizi daha səmərəli və fosil yanacaq əvəzinə bərpa olunan mənbələrə əsaslanan hala gətirməli, daha bərabər və dayanıqlı cəmiyyətlər qurmalıyıq.”

Məryəm Quliyeva