

“Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans bir daha sübut etdi ki, post-müstəmləkə dövrü rəsmi şəkildə başa çatsa da, onun reallıqları və nəticələri bu gün də ciddi şəkildə dünya siyasətinə təsir göstərməkdədir. BMT-nin Afrika xalqlarının Daimi Forumunun üzvü Pastor Martinezin çıxışı isə bu gerçəyi bir daha aktuallaşdırdı. Onun vurğuladığı kimi, müstəmləkəçiliyin zərbəsini hələ də çəkən xalqlar xüsusilə Afrika mənşəli icmalar transatlantik qul ticarəti, iqtisadi istismar, irqçilik və yeni neokolonial siyasətin nəticələrini bu gün də yaşayırlar”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev söyləyib.
T.Rzayev əlavə edib ki, bu siyasətin tarixi əsaslarında və davam edən mexanizmlərində isə bir ölkənin adı xüsusilə qabarıq görünür, o da Fransadır: “Fransa XX əsrin ortalarına qədər Afrika və Asiya qitəsində 50 milyondan çox insanı nəzarət altında saxlayan böyük müstəmləkə imperiyalarından biri olub. Əlcəzair, Mali, Çad, Seneqal, Kot-divuar, Kamerun, Vyetnam və daha onlarla ölkə Parisin istismar siyasətindən ciddi zərər görüb. Fransanın müstəmləkəçilik siyasəti təkcə siyasi deyil, həm də mədəni və iqtisadi əsarət mexanizmləri ilə müşayiət olunub. Fransız dilinin zorla yayılması, yerli mədəniyyətlərin sıxışdırılması, iqtisadi resursların talanı bu siyasətin əsas elementləri olub. 1950–70-ci illərdə formal müstəqillik qazanan ölkələr, əslində “Françafrique” adlanan qeyri-rəsmi idarəetmə sistemi vasitəsilə Parisə bağlı şəkildə yönləndirilib”.
Siyasi şərhçinin fikirlərinə görə, Sahel bölgəsində Burkina Faso, Mali, Niger və s. baş verən son çevrilişlər, anti-Fransa nümayişləri və Fransa bazalarının bağlanması Parisin hegemoniyasına ciddi zərbə oldu: “Əgər 2000-ci illərin əvvəllərində Fransa özünü “demokratiya ixracatçısı” kimi təqdim edirdisə, bu gün artıq bu ritorika Afrika küçələrində etiraza, nifrətə və boykotlara səbəb olur. Hətta ənənəvi müttəfiq sayılan Kot-divuar və Seneqal kimi ölkələrdə belə, Fransa bazarının azaldılması və yeni tərəfdaşlarla əməkdaşlıq meylləri müşahidə olunur”.
O eləcə də qeyd edib ki, qlobal güc mərkəzlərinin dəyişməsi, Çin, Rusiya və Türkiyənin Afrikada artan nüfuzu, ABŞ-nin selektiv yanaşması və yeni nəsil afrikalı liderlərin milli maraqları əsas götürməsi Fransanın “ağalıq dövrünün” başa çatdığını göstərir: “Lakin bu, Fransanın tam çəkilməsi demək deyil. Fransa, bu gün daha çox yumşaq güc dil, təhsil, investisiya, mədəni proqramlar vasitəsilə mövcudluğunu saxlamağa çalışır. “Agence Française de Développement” (AFD) kimi qurumlar bu siyasətin əsas vasitəsidir. Fransanın klassik müstəmləkə üsullarından uzaqlaşaraq, yeni dövrün “yumşaq neokolonializm” strategiyasına keçməsi müşahidə olunur. Amma dünya dəyişib. Afrika ölkələri daha məlumatlı, daha milli maraqlı və alternativ tərəfdaşlıqlara açıqdır. Bu səbəbdən də Fransanın əvvəlki mövqeyini saxlaması getdikcə daha çətin görünür. Əgər Paris bu prosesə uyğunlaşmasa və hələ də keçmiş müstəmləkə gücü psixologiyası ilə hərəkət etsə, bu təkcə Afrika üçün yox, Fransanın özü üçün də ciddi siyasi və iqtisadi itkilərlə nəticələnə bilər”.
Röya İsrafilova